logo

Mərkəzi Laboratoriyada mütəxəssislər üçün kurslar təşkil olunmuşdur


Yaradılıb: 17-09-2014 14:31

                               

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su və tullantı sularının tədqiqi sahəsində kadr hazırlığına xüsusi diqqət yetirir.  Bu məqsədlə su mənbələrində, su kəmərləri idarələrində,  Səhmdar Cəmiyyətin digər idarə və müəssisələrinin laboratoriyalarında fəaliyyət göstərən mühəndis, texnoloq, laborant, bioloq və kimyaçılar Mərkəzi Laboratoriyada təşkil edilmiş təlim kurslarına cəlb olunurlar.

Yerli laboratoriyalarda yüksək ixtisaslı kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması məqsədi ilə Mərkəzi Laboratoriyada işin təşkili və analizlərin keyfiyyətinin yüksəldilməsi mövzusunda təlimlər başlanmışdır. Təlimlərdə “Azərsu” ASC-nin idarə və müəssisələrinin laboratoriyalarında fəaliyyət göstərən 100-dək mütəxəssis iştirak edir.

Təlim müddətində iştirakçılara Mərkəzi Laboratoriyanın fəaliyyəti və iş prinsipləri barədə məlumat verilir, analiz proseduralarının bütün mərhələləri ətraflı izah  edilir. Mütəxəssislər içməli su və tullantı sularının standartları və keyfiyyət parametrləri haqqında  biliklərini artırmaqla, nümunələrin götürülməsi, saxlanılması və daşınması işini dərindən öyrənirlər. Təlim prosesində içməli su və tullantı sularının fiziki-kimyəvi, orqanoleptik  göstəricilərin tədqiqinə  xüsusi diqqət yetirilir. Eyni zamanda iştirakçılar mikrobioloji parametrlər və analizlərin təşkili, keyfiyyətə nəzarət tədbirləri haqqında nəzəri və praktiki biliklərə yiyələnirlər.

Təlim iştirakçıları nəzəri biliklər əldə etməklə yanaşı, laboratoriyada quraşdırılmış ən müasir texnologiyalara əsaslanan cihaz və avadanlıqların iş prinsipləri ilə də tanış olur, həmçinin fərdi qaydada analizlər aparırlar.  Laboratoriya mütəxəssisləri sənədləşmə, nəticələrin qeydiyyatı və hesabatların hazırlanması kimi texniki proseslərlə də tanış olmaq imkanı qazanırlar.