logo

Göygöl-Gəncə magistral su xəttinin açılışı olmuşdur


Yaradılıb: 15-09-2014 11:45

            

     Sentyabrın 14-də Gəncə şəhərində Azərbaycan Respublikası hökumətinin Almaniya İnkişaf Bankı (KfV) və İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi  “Açıq Kommunal İnfrastruktur Proqramı”  layihəsi çərçivəsində inşa edilmiş Göygöl-Gəncə magistral su xəttinin açılışı olmuşdur.

    Açılış mərasimində çıxış edən baş nazirin müavini Abid Şərifov Azərbaycanda həyata keçirilən içməli su təchizatı və kanalizasiya  sistemlərinin yenidən qurulmasının prioritet məqsədlərdən olduğunu bildirmişdir. Baş nazirin müavini Abid Şərifov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 38 şəhər və  rayon mərkəzində su və kanalizasiya layihələrinin uğurla icra edildiyini diqqətə çatdırmış və bu sahədə beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə əməkdaşlığı yüksək qiymətləndirmişdir: “Azərbaycan hökuməti 1994-cü ildən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu müddətdə bank tərəfindən müxtəlif layihələrə, o cümlədən su təchizatı və kanalizasiya sektoruna kredit və qrant ayırmışdır. Gəncə və Şəki şəhərlərinin içməli su və kanalizasiya infrastrukturu Almaniya bankının krediti hesabına həyata keçirilir. Qarşıdakı bir neçə ildə Azərbaycanın ikinci böyük şəhəri Gəncənin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq və şəhər əhalisi keyfiyyətli içməli su ilə təchiz olunacaqdır”.

 

     

Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin içməli su təchizatının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə şəhər sakinləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş və bu layihənin şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcəyin qeyd etmişdir.

Almaniya parlamentinin İqtisadi əməkdaşlıq komissiyasının sədri Dagmar Vöhrl iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və Almaniya tərəfinin bundan sonra da Azərbaycandakı layihələrə sərmayə yatıracağını söyləmişdir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Teyyub Cabbarov Gəncə şəhərində  istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə kompleks işlərin həyata keçirildiyini bildirmişdir.

                                                                     

Qeyd edək ki, Azərbaycan hökumətinin Almaniya İnkişaf Bankı  və İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı” Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

Layihəyə uyğun olaraq Gəncə şəhərində 2011-ci ilin sentyabr ayında tikinti işlərinə başlanılmışdır. Birinci mərhələdə su mənbələrinin bərpası  və magistral su xətlərinin çəkilişi nəzərdə tutulmuşdur. Gəncə şəhərinin relyefi və perspektiv inkişafı, həmçinin əhalinin tələbatı  nəzərə alınaraq 3 su mənbəyi – Göygöl, Qızılqaya və Şəmkirçay su anbarı seçilmişdir.

Layihəyə uyğun olaraq Göygöl mənbəyində  məhsuldarlığı saniyədə 200 litr  olan  drenaj sistemi bərpa edilmiş, həcmi 4000 kubmetr olan 1 ədəd su anbarı inşa edilmiş və mənbədən şəhərə qədər 24,5 km uzunluğunda magistral kəmər çəkilmişdir.

Ötən müddətdə Qızılqaya mənbəyində də bərpa işləri həyata keçirilmiş, 1 ədəd 2000 kubmetrlik su anbarı tikilmiş, 9,5 km anbarlararası su xətləri çəkilmişdir. Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd yeni su anbarının tikintisi isə  yekunlaşmaq üzrədir.

 Gəncə şəhərinin içməli su tələbatının təxminən 60 faizi Şəmkirçay su anbarından təmin ediləcək. Anbardan  götürüləcək  su  27,5 km uzunluğunda  magistral kəmərlə Qızılqaya  ərazisində inşa edilən və sutkalıq  məhsuldarlığı 17 min kubmetr olan sutəmizləyici qurğuya ötürüləcəkdir.  

         Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə paralel Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə də başlanılmışdır. Layihəyə əsasən, şəhərdə  576 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaqdır. Artıq içməli su xəttinin 42 km-lik hissəsi tikilmiş və 644 ünvana birləşmə verilmişdir. Eyni zamanda 119 çoxmənzilli binada 7000 abunəçi ön  ödənişli smart-kart sayğaclarla təmin olunmuş, şəhərin müxtəlif küçə və məhəllələrində 67 ədəd yanğın hidrantı quraşdırılmışdır.

     Şəhərdə tikintisi nəzərdə tutulan 582 km uzunluğunda kanalizasiya xəttinin 43 km-lik hissəsində işlər başa çatdırılmış, 2021  baxış quyusu tikilmişdir.  Tullantı sularının təmizləyici qurğuya özüaxımlı rejimdə ötürülməsi üçün 45 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur. Gələcəkdə Gəncə şəhərində yaranacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcəkdir.

    Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 450 min nəfər (2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla) faydalanacaqdır.