logo

Risklərin idarəolunması mövzusunda təlimlər keçirilmişdir


Yaradılıb: 08-09-2014 14:26

              

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehsalat proseslərinin səmərəliliyinin artırılması məqsədi ilə yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir. Son vaxtlar tətbiq edilən bir sıra innovativ texnologiyalar müsbət dəyişikliklərlə müşahidə olunmaqdadır.

 Yeni texnologiyaların tətbiqi və istehsalat prosesləri zamanı bəzi hallarda müəyyən risklər də yaranır. Belə hallarda risklərin əvvəlcədən müəyyən olunması və aradan qaldırılması  üçün qabaqlayıcı tədbirləri həyata keçirilir. Risklərin idarəolunması işinin keyfiyyətli təşkili isə kadrların peşəkarlıq səviyyəsindən asılıdır.

  “Azərsu” ASC-də işçilərin bilik və bacarıqlarının artırılması məqsədi ilə   “Risklərin idarə olunması” mövzusunda təlimlər başlanmışdır. Təlim iştirakçılarının diqqətinə çatdırılmışdır ki, müasir dövrdə  iqtisadi həyatın bütün sahələrində risk faktorları mövcuddur. Bu baxımdan risk menecmenti, riskin qiymətləndirilməsi aktuallığını getdikcə artırır. Risk müəyyən qərar və hərəkətlər nəticəsində mənfi təzahürlü hadisələrlə qarşılaşma ehtimalını şərtləndirir. Uğuru əldən vermək, çətin vəziyyətlə rastlaşmaq, mənfəət əvəzinə zərərlə üzləşmək kimi hallar riski səciyyələndirən cəhətlərdir.  

 Hazırda “Azərsu” ASC-də  tətbiq olunan proqram təminatının daxili audit və nəzarət proseslərinin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır. Bütün bunlar   zamana qənaət etməyə, riskləri isə daha dəqiq müəyyənləşdirməyə imkan verir.

  Təlimlərdə risklərin idarəolunması sistemi, riskin azaldılması və aradan qaldırılması, risklərə reaksiya verilməsi  metodları barədə məlumatlar verilmişdir. Eyni zamanda təlim iştirakçıları strateji risklər, personal riski, normalara uyğunsuzluq riski və digər risk faktorları barədə məlumatlandırılmışlar.