logo

"Azərsu" ASC-nin əməkdaşı ABŞ-da keçirilmiş seminarda iştirak etmişdir


Yaradılıb: 04-09-2014 16:15

                 

  Avqustun 9-dan 30-dək ABŞ Ticarət Nazirliyinin “İşgüzar təcrübələrin xüsusi Amerika proqramı” (SABİT) çərçivəsində “Bələdiyyələrin su ehtiyatlarının idarə edilməsi” mövzusunda təlim keçirilmişdir. “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun Layihə işləri üzrə direktor müavini Elşad Cavadzadə Azərbaycan nümayəndə heyətinin üzvü kimi ABŞ-da keçirilimiş təlimdə iştirak etmişdir.  

Təlimdə ABŞ-ın içməli su, tullantı  və yağış sularının idarəolunması sistemləri barədə məlumatlar verilmiş, nəzəri və praktiki dərslər keçirilmişdir. Üç həftə davam etmiş seminar müddətində  iştirakçılar içməli su ehtiyatlarının və tullantı suların idarə edilməsi sahəsində ixtisaslaşmış bir sıra dövlət təşkilatlarında və özəl şirkətlərdə olmuşlar.

ABŞ-ın Viskonsin Universitetinin professorları ilə görüşdə  “Azərsu” ASC-nin infrastruktur layihələri barədə məlumatlar verilmiş və fikir mübadiləsi aparılmışdır. Yeraltı və yerüstü su mənbələrinin tədqiqi və qiymətləndirilməsi ilə məşğul olan ABŞ-ın Geoloji Xidmətində (USGS) təşkil olunmuş görüşdə “Azərsu” ASC-nin son illərdə istismara verdiyi yeni su mənbələri barədə müzakirələr aparılmışdır.

Nümayəndə heyətinin Ətraf Mühitin Mühafizəsi Agentliyində (EPA)  “Azərsu” ASC-nin infrastruktur layihələrinin  ətraf mühitə təsiri məsələləri müzakirə edilmişdir. Seminar iştirakçıları Su Ekologiyası Federasiyası (WEF) təşkilatında keçirilmiş görüşdə su çatışmazlığı, su ehtiyatlarından inteqrasiyalı idarəetmə, ABŞ-ın su qanunvericiliyi barədə təqdimatlarda iştirak etmişlər.

Amerika Su İşləri Assosiasiyasında (AWWA) keçirilmiş müzakirələrdə isə təşkilatın tətbiq etdiyi standartlar barədə ətraflı məlumatlar verilmiş, mütəxəssis rəyləri dinlənilmişdir. Assosiasiya tərəfindən “Sukanal” ETLİ-nin direktor müavini E. Cavadzadəyə üzvlük  sertifikatı təqdim olunmuşdur.

   Səfər müddətində nümayəndə heyətinin üzvləri Vaşinqton, Çikaqo, Denver, Milvuaki şəhərlərində olmuş su təchizatı və kanalizasiya sistemlərinin istismarı ilə məşğul olan təşkilatların istehsalat prosesləri ilə əyani tanış olmuşlar.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Azərbaycan nümayəndə heyətinin tərkibində “Azərsu” ASC-nin əməkdaşı ilə yanaşı, “Modern Construction Group” şirkətinin layihə meneceri Aleksandr Plotnikov və “GEO Engineering” şirkətinin iqtisadi məsələlər üzrə meneceri İlkin Vəliyev təmsil olunmuşdur. Proqramda Gürcüstan, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Ukraynadan olan təşkilatların və şirkətlərin nümayəndələri də iştirak etmişlər.

SABİT proqramının məqsədi postsovet ölkələrində yerli idarəetmə orqanlarının içməli su və kanalizasiya sistemlərinin idarə edilməsinin səmərəliliyini artırmaqdır. Proqram çərçivəsində ABŞ-da işlənib hazırlanmış və tətbiq edilən innovativ  texnologiyalar və son yeniliklər nümayiş etdirilir. Proqram həmçinin Amerika şirkətlərinə Avrasiyada bazar iqtisadiyyatının təşəkkülündə bilavasitə iştirak etmək və region ölkələrindən olan mütəxəssislərlə birbaşa işgüzar münasibətlər qurmaq imkanı yaradır.