logo

Gənc mühəndislər Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə tanış olmuşlar


Yaradılıb: 03-09-2014 14:19

         

Müasir cihaz və avadanlıqlarla təchiz olunmuş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyasının fəaliyyəti daim diqqət mərkəzindədir. 2013-cü ilin sentyabrın 16-da  Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş laboratoriya bir illik fəaliyyəti dövründə mühüm tədbirlər həyata keçirmişdir. Ötən müddətdə içməli su və tullantı sularının tədqiqi sahəsində mühüm işlər görülməklə yanaşı kadr hazırlığına da xüsusi diqqət yetirilmişdir.

Laboratoriyada kadrların hazırlanması, kimya, biologiya və ekologiya sahələri üzrə tələbələrə təlim və təcrübə kurslarının keçirilməsi üçün  lazımi şərait yaradılmışdır. Laboratoriyanın şəraiti və tədqiqat imkanları elmi dairələr, təhsil müəssisələri, ictimai birliklər tərəfindən  maraqla qarşılanır, müxtəlif vaxtlarda mütəxəssislərin və tələbələrin laboratoriyaya  səfərləri təşkil olunur.

"Gənc Mühəndislərin İnkişafı" İctimai Birliyinin “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlığı çərçivəsində birliyin bir qrup üzvü Səhmdar Cəmiyyətin Mərkəzi Laboratoriyasına səfər etmişdir.Səfər müddətində birliyin nümayəndələri laboratoriyada quraşdırılmış cihaz və avadanlıqların iş prinsipləri ilə yaxından tanış olmuşlar. Mərkəzi Laboratoriyanın mütəxəssisləri müasir cihaz və avadanlıqların üstünlükləri, yeni texnologiyaların tətbiqi sahəsində görülən işlər barədə  ətraflı məlumat vermiş, eyni zamanda  qonaqları maraqlandıran sualları cavablandırmışlar. Laboratoriyanın İçməli sular bölməsində suyun fiziki və kimyəvi analizlərinin tərkibinin öyrənilməsi  birlik üzvləri tərəfindən maraqla qarşılanmışdır.

Mərkəzi Laboratoriyanın səyyar laboratoriya kimi fəaliyyət göstərən nəqliyyat vasitələri də ziyarətçilərə nümayiş etdirilmişdir. Birlik üzvlərinin diqqətinə çatdırılmışdır ki, səyyar laboratoriyalar respublikanın regionlarında istənilən ərazidə və şəraitdə analizlərin aparılması imkan verir.  

 Qonaqlara həmçinin Bakı şəhərini içməli su ilə təmin edən mənbələr, sutəmizləyici qurğular, su anbarları və onların iş prinsipləri barədə  də məlumatlar verilmişdir.