logo

Gəncədə “Regional təlim inkişaf proqramı-1” çərçivəsində təlimlər başlanmışdır


Yaradılıb: 20-08-2014 14:22

          

Avqustun 19-da Gəncə şəhərində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində Qərb zonası üzrə "Kompleks Təlim Proqramı"nın rəsmi açılışı olmuşdur. Açılış  mərasimində “Azərsu” ASC-nin,  Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının  Gəncə bölməsinin, ali təhsil müəssisələrinin əməkdaşları, ziyalılar və KİV nümayəndələri  iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərində  ucaldılmış abidəsini ziyarət etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra  Gəncə şəhərində yeni inşa edilmiş "Heydər Əliyev Mərkəzi və Park Kompleksi", və "Azərsu" ASC-nin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilmişdir.

Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının  birinci  müavini Mikayıl Zeynalov bölgələrdə həyata keçirilən içməli su və kanalizasiya  infrastrukturlarının yenidən qurulması layihələrinin əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət etdiyini bildirmişdir. O, Gəncə şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində layihənin icra olunduğunu xatırladaraq tikinti-quraşdırma işlərinin intensiv şəkildə həyata keçirildiyini vurğulamışdır.

  

    

"Azərsu" ASC-nin sədrinin istismar üzrə müavini Köçərli Həsənov bildirmişdir ki, Səhmdar Cəmiyyətinin fəaliyyətində beynəlxalq təcrübə, qabaqcıl texnologiyalar, müasir innovativ idarəetmə, informasiya resurslarından səmərəli istifadə prioritet təşkil edir. “Bütün bunlar nəzərə alınaraq Cəmiyyətin mütəxəssisləri mütəmadi olaraq ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edilir. Bu prosesin davamı olaraq "Azərsu" ASC "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində respublikanın regionlarında fəaliyyət göstərən idarə və müəssisələrin işçilərinin peşəkarlığının artırılması məqsədilə kompleks təlim proqramları həyata keçirir. Kadr hazırlığı işinin yüksək səviyyədə təşkil edilməsi üçün hazırda  Bakı şəhərində yeni Təlim Mərkəzi inşa edilir və cari ilin sonuna qədər mərkəz fəaliyyətə başlayacaq”.

   “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov qeyd etmişdir ki, Prezident İlham Əliyevin hər bir şəhər və kəndin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir: “Möhtərəm  Prezidentin tapşırığına uyğun olaraq istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində layihələr həyata keçirilir.  Bu layihələrin icrası zamanı yeni laboratoriyalar yaradılır, müasir   texnoloji  avadanlıqlar quraşdırılır. Yeni infrastrukturu idarə etmək üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilmişdir. Həyata keçirilən təlim proqramları yerli sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcəkdir”.

  "Azərsu" ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə isə bildirmişdir ki, "Regional Təlim-İnkişaf Proqramı-1” çərçivəsində 7 regionda təlimlərin keçirilməsi planlaşdırılır: “Ümumilikdə 1500 işçinin 9 istiqamət üzrə təlimlərdə iştirakı nəzərdə tutulub. İndiyə qədər  Quba, Lənkəran və Şamaxıda belə təlimlər keçirilmişdir. Növbəti təlimlər respublikanın qərb bölgəsini əhatə etməklə Gəncə şəhərində keçirilir. Bu təlimlərdə 11 rayondan 263 işçinin iştirakı nəzərdə tutulmuşdur”.       

   Cari ilin sentyabr ayının ortalarınadək davam edəcək təlimlər seminar və praktiki məşğələlər formasında keçirilir. Təlimləri müvəffəqiyyətlə başa vurmuş işçilər  "Azərsu" ASC-nin "Daxili təlimçilərin təlimi" layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər.

 Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar həyata keçiriləcəkdir.