logo

Regionlarda mütəxəssislər üçün təlimlər keçirilmişdir


Yaradılıb: 15-08-2014 15:33

        

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq  bölgələrdə içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Bu layihələr çərçivəsində mövcud su təchizatı və kanalizasiya sistemlərinin bərpası ilə yanaşı, yeni infrastrukturlar yaradılır.   

  Layihələrin vaxtında və keyfiyyətli icrasını təmin etmək üçün inşaat işlərinin tikinti norma və qaydalarına uyğun həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə mütəxəssislər mütəmadi olaraq təlim və treninqlərə cəlb olunur, onlar arasında geniş maarifləndirmə işləri aparılır.  “Azərsu”  ASC mütəxəssislərinin iştirakı ilə təşkil olunan təlimlərə podratçı təşkilatların əməkdaşları da dəvət  olunur. Cari ilin iyul-avqust aylarında bölgələrdə tikinti işlərinin norma və qaydalara uyğun aparılması məqsədi ilə təlimlər keçirilmişdir. Gəncə, Saatlı, Sabirabad, Qusar, Ağdaş və Göyçay şəhərlərində təşkil olunmuş təlimlərdə yerli sukanal idarələrinin əməkdaşları ilə yanaşı podratçı təşkilatların nümayəndələri də iştirak etmişlər.

 Təlimlərdə tikinti-quraşdırma işlərinin texniki şərtlərə, tikinti norma və qaydalara uyğun aparılması ilə bağlı əsas tələblər barədə məlumatlar verilmişdir. Qeyd olunmuşdur ki, mütəmadi olaraq belə tədbirlərin keçirilməsi mütəxəssislərin peşəkarlığının yüksəldilməsinə xidmət edir.