logo

Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur


Yaradılıb: 13-08-2014 13:49

           

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair  dövlət proqramlarına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri  davam etdirir.  Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşmışdır.

   İcrasına 2011-ci ilin  oktyabrında başlanmış “Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”    2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

  Layihəyə əsasən, Mingəçevir şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsi üçün hər birinin  tutumu 10 min kubmetr olan 3 ədəd su anbarı tikiləcək. Şəhərin su və kanalizasiya şəbəkələri tamamilə yenidən qurulur. Ümumi uzunluğu 275 km olan şəhərdaxili su şəbəkəsinin 180 km-lik hissəsində işlər başa çatmış 7100 ünvana birləşmələr verilmişdir. Bununla paralel olaraq,  232 km kanalizasiya şəbəkəsinin isə 70 km-lik hissəsində işlər yekunlaşmışdır. Gələcəkdə suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 60 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcəkdir.

 İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə smart-kart tipli sayğacların quraşdırılması da davam etdirilir və indiyə qədər 30 211abunəçinin 3500-i sayğacla təmin olunmuşdur.