logo

Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması ilə bağlı tender elan edilmişdir


Yaradılıb: 07-08-2014 15:12

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən  “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”  çərçivəsində Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı tender elan etmişdir.

  "Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" Daşkəsən şəhərini və ətraf yaşayış məntəqələrini əhatə edir. Layihə Daşkəsən şəhəri ilə yanaşı rayonun Alunitdağ və Mədənçilər kəndlərinin, ümumilikdə 17 minə yaxın sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşlaşdırılmasına hesablanmışdır.

   Daşkəsən şəhərini və ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Qarainək və Gülbulaq su mənbələri seçilmişdir. Su mənbələrindən Daşkəsən şəhərinə qədər 21 km uzunluğunda magistral su kəməri çəkiləcək, şəhərin relyefi nəzərə alınmaqla müxtəlif ərazilərdə ümumi tutumu 4500 kubmetr olan 4   su anbarı tikiləcəkdir. Layihə çərçivəsində 18,3 km uzunluğunda  paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana birləşmə  veriləcəkdir.

  Layihəyə uyğun olaraq Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 21 km uzunluğunda kanalizasiya xətti çəkiləcək və 2560 ünvan bu şəbəkəyə qoşulacaqdır. Gələcəkdə şəhərdə yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədi ilə sutkalıq məhsuldarlığı 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcəkdir.

  Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tender elanının mətni www.azersu.az saytının “Tender və elanlar” bölməsində verilmişdir. (http://www.azersu.az/userfiles/invitation_for_bid_dasskesen_az.doc)