logo

Tərtər şəhərində yeni içməli su və kanalizasiya infrastrukturu yaradılacaq


Yaradılıb: 31-07-2014 14:11

    2014-cü ilin sonuna qədər Tərtər şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tikinti-quraşdırma işlərinə başlanılacaqdır. Azərbaycan hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı Layihəsi" çərçivəsində reallaşdırılacaq layihənin icrası ilə əlaqədar podratçı şirkətin seçilməsi məqsədilə tender elan edilmişdir.

  "Tərtər şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" Tərtər şəhərini və ətraf kəndləri əhatə edir. 2035-ci ilədək inkişaf perspektivi nəzərə alınmaqla gələcəkdə layihədən 47 min nəfər faydalanacaqdır.

   Layihəyə əsasən, rayon mərkəzini və ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilmiş və 9 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Rayonun dayanıqlı su təchizatını təmin etmək məqsədi ilə uzunluğu 3,6 km olan magistral su xətti çəkiləcək və hər birinin tutumu  5000 kubmetr olan 2 ədəd su anbarı tikiləcəkdir. Şəhərdə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yenidən qurulması məqsədilə 110 km uzunluğunda paylayıcı su xətti çəkilərək 2959 ünvana ev birləşməsi veriləcək və hər bir abunəçi ön ödənişli smart-kart sayğaclarla təmin olunacaqdır.

  Layihəyə uyğun olaraq Tərtər  şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 104 km uzunluğunda kanalizasiya xətti,  2672 kanalizasiya quyusu tikiləcək, 3944 ünvana birləşmə veriləcəkdir. Tullantı sularının kənarlaşdırılması məqsədilə 8,1 km uzunluğunda kanalizasiya kollektoru  tikiləcəkdir.

   Qeyd edək ki, "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində Tərtər şəhəri ilə yanaşı Astara, Daşkəsən, Qazax, Samux və Gədəbəy şəhərlərinin də su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur.