logo

Su anbarlarının mühəndis və rəhbər işçiləri təlimlərə cəlb olunmuşlar


Yaradılıb: 18-07-2014 16:28

    

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, iş təcrübəsinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir. Bu məqsədlə Səhmdar Cəmiyyətin işçiləri həm ölkə daxilində, həm də xarici ölkələrə ezam olunmaqla təlimlərdə iştirak edirlər. 

    İyulun 15 və 16-da "Azərsu” ASC-də növbəti - “Bakı  şəhəri və ətraf  qəsəbələri içməli su ilə təmin edən mərkəzi anbarların Hidroloji Parametrləri  və Suyun Keyfiyyətinə təsiri” mövzusunda təlimlər keçirilmişdir. Təlimlərə Abşeron yarımadası ərazisində fəaliyyət göstərən mərkəzi su anbarlarının 50-dən çox mühəndis və rəhbər işçisi cəlb olunmuşdur.

    Təlimlərdə əsasən su anbarlarının əhalinin su təchizatındakı rolu, fəaliyyətdə olan anbarların qidalanma mənbələri, texniki vəziyyəti, layihə parametrlərinin gözlənilməsi, sanitar-gigiyenik və mikrobioloji keyfiyyət tələbləri, hidroloji rejimi və ətraf mühit elementlərinin təsir imkanları və digər məsələlər diqqət mərkəzində olmuşdur.  Təlim iştirakçılarına mövcud problemlərin aradan qaldırılması yolları və idarə olunma mexanizimləri, iş vərdişlərinin əsas elementləri haqqında ətraflı məlumatlar verilmişdir.   Təlim prosesində mərkəzi su anbarlarında problemlərin həlli ilə əlaqədar bütün məsələlər qarşılıqlı müzakirə əsasında yekunlaşmışdır.

   Tədbir iştirakçıları yeni infrastrukturun idarə olunması üçün peşəkar kadrların hazırlanması baxımından bu tipli təlimlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini, mərkəzi anbarlarda çalışan mühəndislərin işin təşkili mexanizmi sahəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir göstərəcəyni bildirmişlər.