logo

Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq


Yaradılıb: 16-07-2014 15:39

     Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tikinti-quraşdırma işlərinə 2014-cü ilin oktyabr ayında başlanılması nəzərdə tutulur. Azərbaycan hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Layihəsinə Dəstək" proqramı çərçivəsində reallaşdırılacaq layihənin icrası ilə əlaqədar 2014-cü ilin avqust ayında podratçı şirkətin seçilməsi üzrə tender keçiriləcəkdir.

    Daşkəsən şəhərini və ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Qarainək və Gülbulaq su mənbələri seçilmişdir. Su mənbələrindən Daşkəsən şəhərinə qədər 20 km uzunluğunda magistral su kəməri çəkiləcək, şəhərin relyefi nəzərə alınmaqla müxtəlif ərazilərdə ümumi tutumu 4500 kubmetr olan 4   su anbarı tikiləcəkdir. Layihə çərçivəsində 18,3 km uzunluğunda  paylayıcı su şəbəkəsi yaradılacaq, 2500-ə yaxın ünvana birləşmə  veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaqdır. Layihə Daşkəsən şəhəri ilə yanaşı rayonun Alunitdağ və Mədənçilər kəndlərinin, ümumilikdə 17 minə yaxın sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşlaşdırılmasına hesablanmışdır.

   Layihəyə uyğun olaraq Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 21 km uzunluğunda kanalizasiya xətti,  4205 kanalizasiya quyusu tikiləcək, eyni zamanda yanğın hidrantları quraşdırılacaqdır.

   Qeyd edək ki, "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Layihəsinə Dəstək" proqramı çərçivəsində Gədəbəy, Daşkəsən, Samux, Tərtər, Qazax və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaqdır. Artıq Gədəbəy və Astara şəhərləri üzrə tender prosedurlarına  başlanılmışdır.