logo

Beyləqan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri uğurla davam etdirilir


Yaradılıb: 14-07-2014 14:50

   

   Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Beyləqan  şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlər uğurla davam etdirilir.

   “Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcəkdir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 20 mindən artıq insanın su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasını, eyni zamanda rayon mərkəzində yeni kanalizasiya sisteminin  yaradılmasını nəzərdə tutur.

   İcrasına 2012-ci ilin  oktyabrında başlanılan layihə üzrə işlərin böyük hissəsi yerinə yetirilmişdir. Belə ki, Beyləqan şəhərini içməli su ilə təmin etmək üçün Əlinəzərli kəndi yaxınlığında 5 ədəd subartezian quyusu qazılmış və buradan şəhərə qədər 8,6 km uzunluğunda magistral su xətti çəkilmişdir. Quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarının, xlorator  binası və nasos stansiyasının tikintisi isə davam etdirilir.

   

   Əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə 91 km planlaşdırılan şəhərdaxili su şəbəkəsinin 75 km-lik hissəsində işlər tamamlanmış,  4200 ev birləşməsi verilmiş və işlər davam etdirilir. Növbəti mərhələdə bütün abunəçilər ön ödənişli smart-kart sayğaclarla təmin olunacaqdır. Layihə çərçivəsində şəhərin müxtəlif küçə və məhəllələrində 285 ədəd yanğın hidrantı da quraşdırılmışdır.

   Şəhərdə yaranan tullantı sularının optimal idarəedilməsi məqsədi ilə tikintisi nəzərdə tutulan 89 km uzunluğunda kanalizasiya xəttinin 72 km-lik hissəsində işlər başa çatdırılmış, 2 minə yaxın baxış quyusu tikilmişdir. Su və kanalizasiya şəbəkələrinin tikintisi cari ilin sonunda başa çatdırılacaqdır. 

  Layihənin növbəti mərhələsində tutumu 1000 kubmetr olan su anbarı və  sutkalıq məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcəkdir.

   Qeyd edək ki, Beyləqan şəhərində su və kanalizasiya sistemləri  1980-ci illərdə yaradılmışdır. Hazırda şəhər sakinlərinin təqribən 30 faizi  mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Əhalinin qalan hissəsi  tələbatını fərdi qaydada ödəyir. Yeni layihənin icrası tam başa çatdıqdan sonra şəhər və ətraf 3 kəndin əhalisi, həmçinin bu ərazidə məskunlaşmış məcburi köçkünlər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaqdır.