logo

Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş iclası keçirilmişdir


Yaradılıb: 11-07-2014 13:55

     

   İyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda çıxış edən Prezident İlham Əliyev 2014-cü ilin yanvar-iyun aylarında  ölkədə sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirmişdir: “İlin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur. Əlbəttə, bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcəkdir. Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki,  mən bunu sevinc hissi ilə qeyd edirəm, son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir”.

   İlin sonuna qədər qarşıda duran bütün məsələlərin öz həllini tapacağını qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, növbəti 6 ayda  nəzərdə tutulmuş bütün infrastruktur layihələrinin icrası başa çatdırlacaqdır: “Son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür, amma hələ ki, görüləsi işlər çoxdur. Xüsusilə nəzərə alsaq ki, ölkə qarşısında maliyyə problemi kimi bir problem durmur,  mən bunu giriş sözümdə də demişəm, bizim maliyyə vəziyyətimiz yaxşıdır, kifayət qədər vəsaitimiz vardır, - ona görə, infrastruktur layihələrinin icrası ilə bağlı heç bir yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidirlər. Elə etməlidirlər ki, xərclənən vəsait lazımi səviyyədə təmin edilsin”.

   Ölkə başçısı içməli su və kanalizasiya layihələrinin icrasına da toxunmuşdur: “İçməli su və kanalizasiya layihələri bütün ölkə üzrə gedir, o cümlədən Bakıda. Dövlət büdcəsi hesabına böyük investisiyalar qoyulur, həm də kreditlər verilir. Şəhərimizdə artıq bir neçə belə layihə başa çatıb. Mən də açılışlarda iştirak etmişəm. Vətəndaşlarla söhbət əsnasında onların bu məsələyə müsbət yanaşmasını görmüşəm. Uzun illər keyfiyyətsiz sudan əziyyət çəkən vətəndaşlar bu gün artıq 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli suya malikdirlər. Elə etməliyik ki, bütün şəhərlərimizə içməli su xətləri çəkək. Eyni zamanda, kəndləri də içməli su ilə təmin edirik. Həm “Azərsu” şirkəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırır. O ərazilərdə yaşayan təxminən yarım milyona qədər vətəndaş indi təmiz içməli su ilə təmin olunmuşdur”.