logo

“Su problemləri, elm və texnologiyalar” jurnalı təsis edilmişdir


Yaradılıb: 02-07-2014 16:03

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində elmi nailiyyətlərə, əhatəli tədqiqatlara əsaslanaraq, yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir. Cəmiyyətin alim və mütəxəssisləri suyun emalında innovativ texnologiyaların tətbiqi, su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları, GİS texnologiyalar, tullantı suların təmizlənməsi və müxtəlif məqsədlər üçün təkrar istifadəsi, həyata keçirilən layihələr çərçivəsində ətraf mühitin qorunması problemləri üzərində işləyir. İnkişaf etmiş ölkələrdə  su təsərrüfatı sektorunda  tətbiq olunan innovativ texnologiyaların öyrənilməsi və Azərbaycanda tətbiqinə xüsusi diqqət yetirilir.

     Hazırda  “Azərsu” ASC-də   5  nəfər elmlər doktoru,  25 nəfər    fəlsəfə doktoru çalışır, 10 nəfərdən artıq əməkdaş doktorluq dissertasiyası üzərində işləyir.  Cəmiyyətin əməkdaşları beynəlxalq su qanunvericiliyinin təkmilləşdirilməsi, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, transsərhəd su obyektləri üzrə bir sıra beynəlxalq və regional layihə və proqramların hazırlanmasına öz töhfələrini verir, nüfuzlu elmi nəşrlərdə elmi məruzə və məqalələrlə çıxış edirlər. Son 10 ildə “Azərsu” ASC-nin əməkdaşları tərəfindən Azərbaycanda və ölkə xaricində müxtəlif elmi jurnallarda, konfrans materiallarında 320-dən artıq elmi məqalə dərc olunmuş, kitab və monoqrafiyalar nəşr edilmişdir. 

  “Azərsu” ASC-nin əməkdaşları 5-ci (İstanbul) və 6-cı (Marsel) Dünya Su Forumlarının, 7-cı (Tequ) Dünya Su Forumuna hazırlıq iclaslarının, Fransa, Koreya, Almaniya, ABŞ, Türkiyə, Niderland Krallığı, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Polşa, Macarıstan və digər ölkələrdə keçirilən beynəlxalq su sammitlərinin, konqreslərin, konfrans və seminarların fəal iştirakçısıdır.

  2013-cü ildən başlayaraq “Azərsu” ASC beynəlxalq təşkilatların, dünyanın müxtəlif ölkələrində su sektoru sahəsində fəaliyyət göstərən şirkətlərin, elm mərkəzlərinin, ali məktəblərin, dövlət qurumlarının  alim və mütəxəssislərinin böyük maraq göstərdiyi və iştirak etdiyi Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgi və Konfranslarına (CATEC)  ev sahibliyi edir.

  Su sektorunun müasir problemlərini və konseptual məsələlərini öyrənmək  məqsədi ilə “Azərsu” ASC tərəfindən “Su problemləri, elm və texnologiyalar” adlı  elmi jurnal təsis edilmişdir.

       “Azərsu” ASC-nin idarə və müəssisələrində Azərbaycanda su sektorunda fəaliyyət göstərən digər qurumlarda, ali təhsil müəssisələrində, elmi mərkəzlərdə çalışan, eləcə də xarici ölkələrdən olan alim və mütəxəssislər jurnal ilə əməkdaşlıq edə bilərlər.

Jurnalda nəşr ediləcək məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:

 -         Su ehtiyatları və onların inteqrasiyalı idarə edilməsi problemləri;

-         İçməli su emalı və tullantı suların təmizlənməsində innovativ texnologiyalar;

-         Su təchizatı, tullantı və yağış suları sistemlərinin idarə olunması;

-         Su sektorunda ekoloji-iqtisadi əsaslandırmalar;

-         Tullantı suların təmizlənməsi və təkrar istifadəsi;

-         Sudan istifadənin ekoloji problemləri;

-         Sudan səmərəli istifadə.

Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları eksklüziv olaraq “Su problemləri, elm və texnologiyalar” jurnalına məxsusdur. Məqalələrin digər nəşrlərdə dərcinə yalnız redaksiyanın yazılı icazəsilə, sitatların verilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.

Məqalələrin tərtibat qaydası və digər məsələlərlə bağlı ətraflı məlumatı http://sukanal.az/index.php?option=com_content&view=article&id=190:qsu-problemlri-elm-v-tecnologiyalarq-elmi-jurnal&catid=59:lahiyeler linkindən  əldə etmək olar.