logo

"Azərsu" ASC-nin əməkdaşlarına fəxri adların vəsiqələri və medallar təqdim edilmişdir


Yaradılıb: 25-06-2014 16:27

          

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə  “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilmişdir.

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov təltif olunmuş əməkdaşları təbrik edərək bildirmişdir ki, son illər su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoymuşdur. İstehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə miqyasında genişmiqyaslı işlər görülmüş,  mühüm layihələr həyata keçirilmişdir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış su təchizatı layihələrinin icrasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olmuşdur. Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident  İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla  hər il iyun ayının 5-i  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilmişdir. Prezident İlham Əliyevin  iyun ayının 4-də imzaladığı sərəncamlarla isə  su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə “Azərsu” ASC-nin 3 əməkdaşı “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, 16 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur: “Bu il ilk dəfə olaraq su təsərrüfatı işçiləri peşə bayramını qeyd etmişlər. Peşə bayramı gününün təsis edilməsi və bir qrup əməkdaşımızın yüksək dövlət mükafatlarına layiq görülməsi su təsərrüfatı işçilərinin əməyinə verilən böyük qiymətdir. Ölkə başçısının bu qərarı “Azərsu” ASC-nin çoxminli kollektivində böyük ruh yüksəkliyi və mənəvi stimul yaratmışdır”.

  Sonra “Əməkdar mühəndis”  fəxri adına layiq görülmüş “Azərsu” ASC-nin  “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərova,  “Birləşmiş Sukanal” MMC-nin direktor müavini Vəli Həsənova və Səhmdar Cəmiyyətin departament rəisi Bahadur Kəngərliyə, həmçinin “Tərəqqi” medalı ilə təltif olunmuş 16 əməkdaşa müvafiq mükafatlar təqdim edilmişdir.

  Fəxri ad və medallarla təltif olunmuş əməkdaşlar su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə ölkə  başçısına minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər qeyd etmişlər ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi  siyasətə su təsərrüfatı işçiləri bundan sonra da öz töhfələrini verəcəklər.