logo

II Xəzər Beynəlxalq su texnologiyaları konfransı keçirilmişdir


Yaradılıb: 11-04-2014 15:33

          

   Aprelin 11-də “JW Marriot Hotel Absheron” otelində II Xəzər Beynəlxalq su texnologiyaları konfransı keçirilmişdir. Konfransda dünyanın müxtəlif ölkələrindən 90-dan çox nüfuzlu alim, elmi mərkəzlərin rəhbərləri,  Dünya Su Şurasının, 7-ci Dünya Su Forumunun, UNESCO-nun Beynəlxalq Hidroloji Proqramının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının, eləcə də su sektoru ilə əlaqəli bir sıra beynəlxalq qurumların rəhbərləri iştirak etmişdir.

   Əvvəlcə Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov Prezident İlham Əliyevin II Xəzər Beynəlxalq su texnologiyaları sərgisi və konfransının iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxumuşdur. Təbrik məktubunda qeyd olunmuşdur ki, ölkəmizdə müxtəlif sahələr üzrə keçirilən ənənəvi tədbirlər sırasında  su təchizatı sistemlərində qazanılan uğurların və dünyada tətbiq olunan innovativ texnologiyaların nümayiş etdirildiyi  sərgi və konfransların özünəməxsus yeri vardır: “Bu gün dinamik inkişaf edən Azərbaycan ölkə əhalisinin sağlamlığını qorumaq məqsədi ilə keyfiyyətli içməli su təchizatı sistemlərinin müasir standartlara uyğun yenidən qurulması istiqamətində irimiqyaslı layihələr gerçəkləşdirir. Beynəlxalq tərəfdaşlığın genişləndirilməsi  və yeni təşəbbüslərin işgüzar dairələrə çatdırılması baxımından  mühüm əhəmiyyətə malik konfransların  işində 90-dan artıq nüfuzlu alimin, eləcə də sərgidə 24 ölkənin 80-ə yaxın şirkətinin iştirakı bu mötəbər tədbirə  marağın yüksək olduğunu göstərir. İnanıram ki, forumunuz qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə yol açacaq və qarşıdakı illər üçün fəaliyyətinizin aparıcı inkişafı meyllərinin müəyyənləşməsinə töhfə verəcəkdir”.

   

   Baş nazirin müavini Abid Şərifov çıxış edərək son illər Azərbaycanda  iqtisadiyyatın dinamik inkişaf etdiyini, yüksək  makroiqtisadi göstəricilərin əldə olunduğunu diqqətə çatdırmışdır. Azərbaycanın bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulduğunu xatırladan baş nazirin müavini əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üzrə kompleks tədbirlərin davam etdirildiyini bildirmişdir:“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev su ilə əlaqədar problemlərin köklü həllinə nail olunması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi  strateji hədəflərini müəyyən etmişdir. Son illər Azərbaycanın bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, kənd və qəsəbələrin su təchizatı problemləri mərhələlərlə həll edilir, əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Təəssüf ki, Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayon ərazisindəki yaşayış məntəqələri bu layihələrdən kənarda qalıb. Buna səbəb Azərbaycan torpaqlarının 20 faizini təşkil edən həmin ərazilərin Ermənistan tərəfindən işğal olunmasıdır.  Azərbaycan hökuməti su ehtiyatlarının və ətraf mühitin  qorunması, transsərhəd su obyektlərindən istifadə sahəsində beynəlxalq  konvensiyalara əməl edilməsi, su sektoru üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqaməti götürmüşdür”.

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, şirin su ehtiyatları əvəzolunmazlığına və həyati zəruriliyinə görə ən əhəmiyyətli maddi sərvət olmaqla yanaşı, qonşu xalqlar və dövlətlər arasında münasibətlərin formalaşmasında da həlledici amillərdən biridir. “Azərsu” ASC sədri iqtisadiyyatın bütün sahələrində olduğu kimi su təchizatı və kanalizasiya sektorunda da dinamik  inkişafın müşahidə olunduğunu diqqətə çatdırmışdır: “Müasir dünyada elmi nailiyyətlərə, əhatəli tədqiqatlara əsalanmadan layihələrin uğurlu həllinə nail olmaq qeyri-mümkündür. Azərbaycanın şəhərlərinin, kənd və qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması   layihələrində bu prinsip əsas götürülür. Bu baxımdan, alim və mütəxəssislərimiz dünyanın müxtəlif ölkələrində su sektorundakı elmi nailiyyətlərin, innovativ texnologiyaların, yeni avadanlıqların öyrənilməsi və Azərbaycanda tətbiqi üçün səylə çalışırlar. Eyni zamanda Cəmiyyətimizdə də bu problemlərlə əlaqəli elmi tədqiqatlar aparılmaqda, müasir texnologiyalar üzərində işlənilməkdədir.  Əminəm ki, bügünkü konfransda su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri, içməli su emalında innovativ texnologiyalar, su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları, SCADA və Coğrafi İnformasiya sistemləri , tullantı suların təmizlənməsi və müxtəlif məqsədlər üçün təkrar istifadəsi, həyata keçirilən layihələr çərçivəsində ətraf mühitin qorunması problemləri əhatəli müzakirə ediləcək, uğurlu həll variantlarının tapılmasında irəliyə doğru mühüm addımlar atılacaqdır”.

     

   Konfransın açılış mərasimində çıxış edən Dünya Su Şurasının vitse-prezidenti Doğan Altınbilək, Koreya su Forumunun vitse-prezidenti Junq Mu Li, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı akademik Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova  belə tədbirlərin keçirilməsinin   beynəlxalq əməkdaşlıq, yeni tərəfdaşların cəlb olunması baxımından əhəmiyyətli olduğunu bildirmişdirlər.

  Konfransın plenar iclasından sonra tədbir müxtəlif mövzular üzrə ayrı-ayrı bölmələrdə davam etdirilmişdir. “Su ehtiyatlarından inteqrasiyalı istifadə”, “Su təchizatı və suyun keyfiyyəti: insan inkişafında məhdudiyyətlər və imkanlar”, “İçməli su emalında innovativ texnologiyalar”, “Su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə  metodları; GİS texnologiyalar” və “Yaşıl planet. Tullantı suların təmizlənməsi və təkrar istifadəsi” mövzularında  keçirilmiş bölmə iclaslarında mühazirələr dinlənilmiş, aktual məsələlər ətrafında müzakirələr aparılmışdır.