logo

Gədəbəy şəhərində yeni içməli su və kanalizasiya infrastrukturu yaradılacaq


Yaradılıb: 04-04-2014 13:31

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində növbəti beynəlxalq layihənin icrasına başlayır. Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən  “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”  çərçivəsində Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı tender elan edilmişdir. Qeyd edək ki, “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” Gədəbəy şəhəri ilə yanaşı Astara, Daşkəsən, Qazax, Samux və Tərtərdə su təchizatı və kanalizasiya sistemlərinin infrastrukturlarının yenidən qurulmasını nəzərdə tutur.

  Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi şəhər mərkəzi ilə yanaşı, rayonun 5 kəndini əhatə edir, layihədən ümumilikdə   23 min nəfər faydalanacaqdır. Layihəyə əsasən Gədəbəy şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün su mənbəyi Südlübulaq bulaqları seçilmişdir. Bulaq sularının toplanması məqsədi ilə su mənbəyində suqəbuledici qurğu tikiləcək və Gədəbəy şəhərinə 15 km uğunluğunda magistral su xətləri çəkiləcəkdir. Şəhərin relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 5500 kubmetr olan 7 ədəd su anbarı tikiləcəkdir. İstehlakçıların mərkəzləşdirilmiş qaydada içməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilə 73 km paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi su sayğacları ilə təmin olunacaqdır.

  Layihə çərçivəsində ilk dəfə olaraq Gədəbəy şəhərində kanalizasiya sistemi yaradılacaqdır. Bu məqsədlə 68 km kanalizasiya şəbəkəsi yaradılacaq və bütün abunəçilər şəbəkəyə qoşulacaqdır. Tullantı sularının çirkab sutəmizləyici qurğuya ötürülməsi məqsədi ilə 700 metr uzunluğunda kanalizasiya kollektoru tikiləcəkdir.

  Gədəbəy şəhərində  su təchizatı və kanalizasiya infrastrukturunun  yenidən qurulması işlərinə 2014-cü ilin üçüncü rübündə başlanması nəzərdə tutulur. İlkin mərhələdə işlərə Gədəbəy şəhərində başlanacaq və gələcəkdə rayonun 5 kəndi də bu layihəyə qoşulacaqdır.