logo

"Azərsu" ASC "Caspian Energy Integration Award - 2014” mükafatına layiq görülmüşdür


Yaradılıb: 12-03-2014 10:37

   

Martın 12-də Bakıda “JW Marriott Absheron” otelində beynəlxalq “Caspian Energy Integration Award - 2014” mükafatının onuncu yubiley təqdimat mərasimi keçirilmişdir.

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək bildirmişdir ki, “Əsrin müqaviləsi”nin imzalanması, Xəzərin enerji ehtiyatlarının işlənilməsinə Qərb şirkətlərinin cəlb edilməsi, Xəzər regionundan alternativ ixrac marşrutlarının və nəqliyyat-kommunikasiya xətlərinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi nəticəsində Cənubi Qafqaz ölkələrinin və bütövlükdə Xəzər dənizi və Qara dəniz regionunun geosiyasəti və iqtisadiyyatı faktiki olaraq tamamilə dəyişmişdir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə , Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov,  “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev dövlət strukturlarının, şirkətlərin və təşkilatların  əməkdaşlığının genişləndirilməsində informasiya layihələrinin əhəmiyyətindən danışmışlar.

Daha sonra ayrı-ayrı nominasiyalar üzrə mükafatların təqdimatı olmuşdur. “Azərsu” ASC-nin  içməli su təsərrüfatının inkişafında həyata keçirdiyi genişmiqyaslı tədbirlər  yüksək qiymətləndirilmiş və Səhmdar Cəmiyyət xüsusi mükafata layiq görülmüşdür. Mükafat Səhmdar Cəmiyyətin sədrinin birinci müavini Teyyub Cabbarova təqdim edilmişdir.

 Qeyd edək ki, Beynəlxalq “Caspian Energy Integration Award” mükafatı dünyanın 50 ölkəsində internet vasitəsilə keçirilmiş sorğunun nəticələrinə əsasən müəyyən olunur. Mükafatlar  Xəzər dənizi-Qara dəniz və Baltik regionlarında qazanılmış nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərə, dövlət və özəl şirkətlərə təqdim edilir.