logo

“Hər kağızı bir yarpağa dəyişək" aksiyasında 768 kq kağız təhvil verilmişdir


Yaradılıb: 17-03-2014 15:15

      

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması  və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə həyata keçirilən tədbirlərdə yaxından iştirak edir.  İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi,  “ASAN xidmət”   və "Təmiz Şəhər" ASC-nin  birgə təşkilatçılığı ilə  həyata keçirilən "Hər kağızı bir yarpağa dəyişək" adlı aksiyaya “Azərsu” ASC  növbəti töhfəsini vermişdir. Səhmdar  Cəmiyyətdə istifadə olunmuş 768 kq kağız martın 14-də  “ASAN xidmət” mərkəzinə təqdim olunmuşdur.

Qeyd edək ki, 17 fevral 2014-cü il tarixdə 350 kq kağız tullantıları təhvil verilmişdir. Bu xeyirxah təşəbbüsə qoşulan Səhmdar Cəmiyyətin kollektivi gələcəkdə də bu aksiyada yaxından iştirak edəcəkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə "Təbiətin qorunması üçün 10 mesaj" devizi ilə həyata keçirilir. Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsi ilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.

Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və  vətəndaşlar tərəfindən  istifadə olunmuş kağızlar Bakı şəhərindəki "ASAN xidmət" mərkəzlərinin qarşısında quraşdırılmış xüsusi məntəqələrə təhvil verilir. Təhvil verilən  kağızlar xüsusi konteynerlərdə toplanılır və onların qeydiyyatı aparılır. Layihəyə  əsasən  hər 50 kq kağız qarşılığında bir ədəd ağacın alınması və həmin ağacın Bakı şəhəri ərazisində əkilməsi planlaşdırılır.