logo

Fövqəladə halların aradan qaldırılması məqsədi ilə mülki müdafiə məşqi keçirilmişdir


Yaradılıb: 31-10-2013 15:40

      

   “Azərsu” ASC-nin 2013-cü il üçün nəzərdə tutulmuş Mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq oktyabrın 25-də “Ceyranbatan Su Kəmərləri” İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilmişdir. “Azərsu” ASC-nin Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin Mülki Müdafiə Qərargahının rəhbərliyi altında keçirilən məşqə  “Ceyranbatan Su Kəmərləri” İdarəsinin işçiləri cəlb olunmuşdur.

   Obyekt mülki müdafiə məşqinin keçirilməsində məqsəd fövqəladə hallarda mühafizə işləri və digər mülki müdafiə tədbirləri üzrə hazırlıq vəziyyətinin yoxlanması olmuşdur.Təlim zamanı mülki müdafiə dəstələri şəxsi heyətlə tam komplektləşdirilmiş və mühafizə vasitələri ilə təchiz olunmuşdur. Maddi-texniki təchizatın və təlim yerlərində bütün mülki müdafiə avadanlıqlarının sazlığı yoxlanılmış, imitasiya yerlərinin (dağıntı, zəhərlənmə, yanğın və s.)  hazırlanmasına diqqət yetirilmişdir. Məşq zamanı daldalanma yerlərinin hazırlanması, işçilərin təhlükəsiz yerlərə çıxarılması, onlara fərdi mühafizə vasitələrinin paylanması, xilasetmə  işlərinin aparılması və s. kimi tədbirlərə hazırlıq vəziyyəti yoxlanmışdır.

   Məşq prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, zəhərlənmə baş vermiş ərazidə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqları yerinə yetirmişlər.

    Sonda məşqin nəticələri təhlil edilmiş şəxsi heyətə müvafiq tövsiyələr verilmişdir.