logo

Smart kartların MilliÖn köşklərində yüklənməsinə başlanmışdır


Yaradılıb: 22-10-2013 15:42

 

         

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması istiqamətində islahatları davam etdirir.  Bu məqsədlə ön ödənişli smart-kart tipli su sayğacların quraşdırılmasına başlanılmış və indiyə qədər 160 mindən artıq sayğac istismara verilmişdir. Ötən müddətdə smart-kartlara balans yüklənilməsi yalnız “Azərsu” ASC-nin müvafiq rayon idarələrində aparılırdısa, artıq şəhərin müxtəlif yerlərində (metro stansiyası, bank, market, kommunal xidmət təşkilatları və dövlət orqanları, təhsil və səhiyyə müəssisələri və digər obyektlərdə)  quraşdırılmış MilliÖn köşklərində yüklənmə aparmaq mümkündür.  “Azərsu” ASC-nin Azərbaycanda ödəmə xidmətləri sahəsində ixtisaslaşmış Komtec LTD şirkəti ilə əldə etdiyi razılığa əsasən, Səhmdar Cəmiyyətin bu sahə üzrə məlumatları ödəmə  terminallarına inteqrasiyası tam başa çatdırılmışdır.

   Ödənişlərin aparılması və smart-kartlara balansın yüklənməsi üçün MilliÖn ödəniş terminallarının ekranında  kommunal xidmətlər hissəsinə “Azərsu”  bölməsini seçmək tələb olunur. Kart terminala daxil edildikdən sonra ekranda göstərilən ardıcıllıq üzrə əməliyyatlar həyata keçirilir. Müvafiq məbləğ terminala daxil edildikdə ödəmələr real zaman rejimində həyata keçirilir, məbləğ  həmin an abunəçinin hesabına daxil edilir və smart-karta yüklənir.  Abunəçilər yüklənmiş kartı mənzillərində quraşdırılmış sayğaclara daxil edib balanslarını artırırlar.

   Qeyd edək ki, hazırda Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda işlək vəziyyətdə olan 900-dən artıq köşkün təqribən 50 %-də su və kanalizasiya xidmətləri üzrə yükləmə aparmaq mümkündür. Növbəti mərhələdə respublikanın digər şəhər və rayon mərkəzlərindəki köşklər bu sistemə qoşulacaqdır.  

  Qeyd edək ki, MilliÖn köşklərində əməliyyat aparılarkən texniki problemlər yarandıqda abunəçilərin Komtec LTD şirkətinin *0010 ”Qaynar xətt” xidmətinə və “Azərsu” ASC-nin 955 Zəng mərkəzinə  müraciət etmələri xahiş olunur.