08-11 oktyabr 2013-cü il tarixlərində Macarıstanda keçirilmiş Budapeşt Su Sammiti gələcək əməkdaşlıq və perspektiv inkişaf baxımından “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üçün əlamətdar olmuşdur.
“Azərsu” ASC sammit çərçivəsində təşkil olunmuş su resurslarının idarə olunması və kanalizasiya xidmətləri sərgisində iştirak etmişdir. Müxtəlif ölkələrdən 40-dan çox təşkilatın təmsil olunduğu sərgidə “Azərsu” ASC-nin stendləri nümayiş etdirilmişdir.
“Azərsu” ASC-nin stendlərini ziyarət edən qonaqlara Səhmdar Cəmiyyətin fəaliyyəti, həyata keçirilən layihələr, tətbiq edilən yeni texnologiyalar və qazanılan zəngin təcrübə haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda sərgi ziyarətçilərinə “Azərsu” ASC-nin son illər həyata keçirdiyi əsaslı tikinti və yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Yüksək peşəkarlıq və tərtibatla hazırlanmış ekspozisiya materialları sərgi ziyarətçilərinin böyük marağına səbəb olmuşdur.
Sərgi çərçivəsində “Azərsu” ASC-nin nümayəndə heyəti UNESCO, Beynəlxalq Hidroloji Proqram, Dünya Su Şurası, Qlobal Su, Təhükəsizlik və Sağlamlıq İnstitutu, Beynəlxalq Su Ehtiyatları Assosiasiyası, Hidrogeoloqların Beynəlxalq Assosiasiyasının, müxtəlif universitetlərin elm xadimləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə məhsuldar görüşlər keçirmişdir.
Ümumilikdə Budapeşt Su Sammiti qlobal problemlərin müzakirəsi və gələcək əməkdaşlıq baxımından səmərəli olmuşdur. BMT-nin baş katibi Ban Ki Mun, Macarıstan prezidenti Yanoş Adar, UNESCO-nun baş katibi İrina Bokova, bir sıra ölkələrin hökümət rəsmilərinin iştirak etdiyi sammitdə ATƏT, BMT-nin Avropa İqtisadi Komissiyası, Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Sənayenin İnkişafı Komissiyası, Dünya Su Şurası, Dünya Səhiyyə Təşkilatı, Dünya Meteorologiya Təşkilatı və nüfuzlu şirkətlərin nümayəndələri də təmsil olunmuşdur.
Sammitdə çıxış edən BMT-nin baş katibi cənab Ban Ki Mun dünyada içməli su çatışmazlığı ilə bağlı qlobal problemlərdən bəhs etmiş və onların həlli yollarından danışmışdır. Baş katib gələcəkdə yaşanacaq su çatışmazlığı ilə bağlı xəbərdarlıq edərək bildirmişdir ki, 2030-cu ilə qədər yer kürəsində yaşayan insanların yarısının kəskin içməli su qıtlığı ilə üzləşəcək. Baş katib şirin su mənbələrindən səmərəli və məqsədli şəkildə istifadə olunmasını tövsiyə etmişdir.
Sammitin plenar iclasında çıxış edənlər içməli su təminatındakı problemlərin aktuallığından bəhs etmiş və bu sahədə əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırmışlar.
Daha sonra sammit işini elm, vətəndaş cəmiyyəti, biznes, yer mövzusunda forumlarında davam etmişdir. Forumlarda yerüstü və yeraltı su ehtiyatlarının qiymətləndirilməsi, su təchizatı və suvarma, subasma və sel təzahürləri, tullantı suların kənarlaşdırılması, yeni texnologiyalar sahəsində aparılan elmi araşdırmalar və nailiyyətlər ətrafında müzakirələr aparılmış, problemlərdən çıxış yolları göstərilmişdir. Sammitin yekun sənədi olaraq Budapeşt Bəyannaməsi qəbul edilmişdir.