logo

Prezident İlham Əliyev: "Əhalinin içməli su təchizatı daha da yaxşılaşacaqdır"


Yaradılıb: 08-10-2013 12:00

     

Okyabrın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.

Carı ilin doqquz ayının ölkəmiz üçün uğurlu olduğunu və qarşıda duran bütün vəzifələrin icra edildiyini deyən Prezident İlham Əliyev bildirmişdir ki, bu dövrdə bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə olmuş, iqtisadiyyat 5,4 faiz, qeyri-neft sektoru isə 10,4 faiz artmışdır və bu, dünya miqyasında ən yüksək göstəricidir. Bundan əlavə, kənd təsərrüfatında təxminən 5 faiz, əhalinin pul gəlirlərində 7,6 faiz artım olmuş, inflyasiya 2,3 faiz təşkil etmişdir. Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdə qərarlaşmışdır. Bu ilin doqquz ayında Azərbaycan iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulmuşdur ki, bunun 10,5 milyard dolları daxili, 7,2 milyard dolları isə xarici sərmayələrdir. Bu dövrdə valyuta ehtiyatları artmışdır və hazırda 49,4 milyard dollar təşkil edir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünya miqyasında ön sıralardadır.
    Prezident İlham Əliyev qeyd etmişdir ki, doqquz ayda əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılmış, bu sahədə xeyli proqramlar icra edilmişdir. Regionların inkişafı ilə bağlı bütün hədəflərə nail olunmuşdur. Bu ilin doqquz ayında 90 minə yaxın yeni iş yeri açılmışdır. İndiyə qədər ölkədə açılan iş yerlərinin sayı isə 1 milyon 200 mini ötür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən Prezident İlham Əliyev bildirmişdir ki, münaqişənin həllində hələ ki, ciddi irəliləyişə nail olunmayıb. Bununla belə, Azərbaycan uğurla inkişaf edir, işğalçı Ermənistanda isə sosial-iqtisadi və siyasi böhran getdikcə dərinləşir.

Ötən dövrdə xarici siyasət sahəsində bir çox uğurların qazanıldığını deyən Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirmiş, Azərbaycanın bütün tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət və etimad əsasında qurduğunu demişdir. “Biz öz milli maraqlarımızı müdafiə edirik”, - deyən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan bütün ölkələrlə əməkdaşlığa açıqdır.

Ötən doqquz ayda enerji sahəsində mühüm uğurların qazanıldığını, Trans-Adriatik qaz kəməri layihəsinə start verildiyini deyən dövlətimizin başçısı Azərbaycanın enerji ilə bağlı siyasətinin dünya üçün çox əhəmiyyətli olduğunu qeyd etmişdir.

Ötən dövrdə sənayeləşmə istiqamətində mühüm addımların atıldığını, bir çox layihələrin icra mərhələsinə daxil olduğunu deyən Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, bu müsbət meyillər ilin sonuna qədər davam edəcəkdir.

Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu ilin doqquz ayında həyata keçirilən tədbirlərdən danışmışlar.

İclasa yekun vuran Prezident İlham Əliyev bu müsbət dinamikanın qorunması ilə bağlı tədbirlərin bundan sonra da davam etdirilməsinin vacib olduğunu demişdir. İlin sonuna qədər dövlət investisiya proqramı icra olunmalı, makroiqtisadi sabitlik qorunmalı, süni qiymət artımına yol verilməməlidir. Gələn il regionların inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının qəbul ediləcəyini deyən Prezident İlham Əliyev orada bölgələrdəki bütün sosial və iqtisadi problemlərin həlli ilə bağlı məsələlərin əks olunacağını bildirmişdir.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərin inkişaf etdirilməsi, son doqquz ayda 500 mindən çox insanın müraciət etdiyi “ASAN xidmət” şəbəkəsinin ölkə üzrə genişləndirilməsi ilə bağlı tapşırıqlarını verən dövlətimizin başçısı qarşıdakı dövrdə əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxunmuşdur. “Artıq Azərbaycan bölgənin nəqliyyat və logistika mərkəzidir”, - deyən dövlətimizin başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinin başa çatmaq üzrə olduğunu bildirmişdir.

 

Prezident İlham Əliyev infrastruktur layihələrinin, o cümlədən,  su təchizatı və kanalizasiya layihələrinin uğurıa icra edildiyini bildirmiş və bu layihələrin davam etdiriləcəyini diqqətə çatdırmışdır. Dövlət başçısı Taxtakörpü su anbarının bu sahədə mühüm rola malik olduğunu vurğulamışdır: “Bu yaxınlarda Taxtakörpü su anbarı və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan su kanalları istifadəyə verilmişdir. Bu, böyük tarixi nailiyyətdir. Biz dağlar arasında süni göl yaratmışıq və müqayisə üçün demək istəyirəm o göl Ceyranbatan gölündən təxminən iki dəfə böyükdür. Suvarma, meliorasiya, kənd təsərrüfatının inkişafı, vətəndaşlarımızın içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşacaqdır”.

   Demoqrafik vəziyyətin yaxşı olmasını ölkəmizin ən böyük üstünlüklərindən biri kimi xarakterizə edən Prezident İlham Əliyev bildirmişdir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu dövrdə ölkəmizə 150 milyard dollar investisiya qoyulmuş, büdcə xərcləri 20 dəfə çoxalmışdır. Yoxsulluq 10 ildə təxminən 10 dəfə azalmış, xarici dövlət borcu cəmi 7-8 faiz təşkil etmiş, pensiyalar 10 dəfə, maaşlar 6 dəfə, müdafiə xərcləri isə 20 dəfədən çox artmışdır. Hazırda Azərbaycanın müdafiə sənayesi 750 adda məhsul buraxır.

 Prezident İlham Əliyev demişdir ki, son 10 ildə Azərbaycanda 2708 məktəb, 500-ə yaxın tibb müəssisəsi tikilmiş və ya təmir edilmiş, 35 olimpiya idman kompleksi inşa olunmuşdur. Bu dövrdə neft-qaz siyasətində Azərbaycan mühüm uğurlara imza atmış, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verilmişdir. Bu tarixi layihələr hesabına Azərbaycan mühüm enerji dəhlizi yaratmışdır. Azərbaycan kosmos ölkəsinə çevrilmiş və ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir.