logo

Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı yaxşılaşdırılmışdır


Yaradılıb: 01-10-2013 14:52

                    

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması üzrə genişmiqyaslı işlər həyata keçirir. Belə layihələrdən biri içməli sudan əziyyət çəkən Salyan rayonunun Xıdırlı kəndində icra edilmiş və oktyabrın 1-də kəndə su verilməsi münasibəti ilə tədbir keçirilmişdir.

    Tədbirdə çıxış edən Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov uzun illər Xıdırlı kəndində içməli su probleminin olduğunu qeyd etmiş, “Azərsu” ASC tərəfindən həyata keçirilmiş layihənin icrası nəticəsində qısa müddətdə kəndin su təchizatının yaxşılaşdırıldığını diqqətə çatdırmışdır. O, gələcəkdə rayonun digər kəndlərində də içməli su layihələrinin icra ediləcəyini bildirmişdir.

   “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq içməli su çatışmazlığı müşahidə olunan yüzlərlə yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirmişdir: “Möhtərəm Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq içməli su problemi müşahidə olunan kəndlərdə təxirəsalınmaz tədbirlər görülür. Bəzi kəndlərdə ilk dəfə olaraq mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır, elə kəndlərimiz də var ki, həmin yerlərdə vaxtilə yaradılmış infrastruktur istismar müddətini başa vurduğundan əhalinin tələbatını ödəmək iqtidarında deyil. Xıdırlı kəndində də belə vəziyyət yaranmışdır və layihə çərçivəsində kəndə yeni magistral su xətti çəkilmiş və paylayıcı şəbəkə yaradılmaqdadır. 2013-cü ildə “Azərsu” ASC tərəfindən Masallı, Yardımlı, Lerik, Qusar, İsmayıllı, Qobustan, Balakən, Zaqatala, Gədəbəy və digər rayonların kəndlərində su layihələrinin icrasına başlanmış və bəzi yaşayış məntəqələrində işlər yekunlaşmışdır”. Etibar Məmmədov 2014-cü ildə Şirvan-Muğan kəmərindən Salyan rayonunun 17 kəndinə keyfiyyətli suyun veriləcəyini də diqqətə çatdırmışdır.

          

   Mərasimdə çıxış edən kənd sakini İmran Feyzullayev uzun illərdir içməli sudan əziyyət çəkdiklərini və suyu maşınlarla aldıqlarını bildirmişdir. O, kəndin su təchizatının yaxşılaşdırılmasını böyük sevinclə qarşıladıqlarını, göstərilən qayğıya görə ölkə rəhbərliyinə, millət vəkillərinə və “Azərsu” ASC-nin kollektivinə minnətdarlığını bildirmişdir.   

   Qeyd edək ki, “Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi” kəndin 3312 sakininin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır. Layihəyə uyğun olaraq kəndə su Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı kəmərindən verilir. Bu məqsədlə 15,7 km uzunluğunda yeni magistral su xətti çəkilmiş və mövcud şəbəkəyə birləşdirilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək  yenisi tikilmiş, müxtəlif diametrli polietilen borularla 19 km uzunluğunda kənddaxili şəbəkə yaradılmışdır və hazırda bu sahədə işlər davam etdirilir. Layihə çərçivəsində hər birinin tutumu 300 kubmetr olan mövcud 2 ədəd su anbarı təmir olunacaq, paylayıcı şəbəkədə işlər tam başa çatandan sonra hər bir evə birləşmə veriləcəkdir. 

   Qeyd edək ki, Xıdırlı kəndinin su təchizatı sistemi ötən əsrin 70-80-ci illərində yaradılmışdır. Uzun müddətdir istifadə olunan magistral və paylayıcı su xətləri, anbarlar və nasos stansiyası istismara yararsız vəziyyətə düşmüşdür. Üstəlik həmin infrastruktur kəndin yalnız 30 faizini əhatə edirdi və mərkəzləşmiş qaydada içməli su ilə təmin olunan istehlakçılar sutka ərzində cəmi 1-2 saat su alırdı.