logo

Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin içməli su təchizatı yaxşılaşdırılmışdır


Yaradılıb: 16-09-2013 13:52


              

   “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rayon mərkəzləri və onlara yaxın kəndlərlə yanaşı cəbhə bölgəsində yerləşən, eləcə də sudan daha çox əziyyət çəkən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirir. Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq cəbhə xəttindən bir neçə yüz metr məsafədə yerləşən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin içməli su probleminin birdəfəlik həlli məqsədilə həyata keçirilən layihənin icrası uğurla başa  çatdırılmışdır. Yeni infrastrukturun istismara verilməsi ilə əlaqədar tədbir  keçirilmişdir.

   Tədbirdə çıxış edən Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev  layihənin başa çatması və kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik etmiş, “Azərsu” ASC tərəfindən layihənin icrasının qısa müddətdə başa çatdırılmasını yüksək qiymətləndirmişdir: “Cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndinin sakinləri uzun  illərdir içməli sudan əziyyət çəkirdi. “Azərsu” ASC-nin həyata keçirdiyi layihə üzrə işlər qısa müddətdə başa çatmış, kənd əhalisinin içməli su problemi həllini tapmışdır”.

   “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə, xüsusilə ucqar kəndlərdə içməli  su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “Möhtərəm Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq daha bir ucqar kənddə - Goranboy rayonunun Tapqaraqoyunlu kəndində su təchizatı infrastrukturu yaradılmışdır. Cəbhə xəttində yerləşən bu kəndin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi. Bundan sonra kənd sakinləri keyfiyyətli içməli sudan fasiləsiz olaraq istifadə edə biləcəklər”.

   Tədbirdə çıxış edən sakinlər kəndə içməli suyun verilməsini böyük sevinclə qarşılamış, bu problemin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını bildirmişlər.   

   Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin su təchizatı sisteminin yaradılması layihəsinə əsasən istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi kimi kəndin yaxınlığından keçən Ballıqaya-Goranboy  magistral su xətti seçilmişdir. Buradan Tapqaraqoyunlu kəndinə  14  km uzunluğunda magistral su xətti çəkilmişdir. Kənd əhalisini fasiləsiz və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə hər birinin tutumu 300 kubmetr olan 2 ədəd su anbarı inşa edilmişdir, müxtəlif diametrli borularla 35,6 km uzunluğunda paylayıcı şəbəkə yaradılmış və 800 ünvana birləşmə verilmişdir. Bununla da Tapqaraqoyunlu kəndinin 2400 sakini 24 saat fasiləsiz içməli su ilə təmin olunmuşdur.

  Qeyd edək ki, indiyə qədər yerli əhali içməli su kimi Ermənistan ordusunun nəzarətində olan ərazilərdən axıb gələn İncə çayından ayrılmış arxın suyundan və  bir ədəd artezian quyusundan daşınma yolu ilə istifadə edirdi.