logo

Masallı rayonunun 23 kəndinin içməli su probleminin həllinin nəzərdə tutan layihənin icrasına başlanmışdır


Yaradılıb: 02-09-2013 14:37

   

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri ilə yanaşı, regionlarda  da əhalinin içməli su təchizatının yaxşılaşdırılması  məqsədi ilə təxirəsalınmaz tədbirləri davam etdirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilir. Belə layihələrdən biri də Masallı rayonunun 23 kəndini əhatə edir. Rayonun Muğanlı zonasında yerləşən və içməli sudan korluq çəkən Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Təklə, Qədirli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılmışdır.

 Masallı rayonunun 23 kəndində 30 mindən çox sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanmış layihənin icrasına cari ilin avqust ayında başlanmışdır. Layihəyə əsasən kənd sakinlərinə içməli su Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğudan veriləcəkdir. Yaşayış məntəqələrini özüaxımlı rejimdə su ilə təmin etmək üçün ümumi həcmi 10 min kubmetr  olan 2 su anbarı tikiləcəkdir. Su mənbəyindən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 19,4 km uzunluğunda  magistral su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.  Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 2,5 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılmışdır. İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaqdır. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırlması nəzərdə tutulur.  

   Növbəti mərhələdə anbar kompleksindən Ərkivan-Qızılağac kəndləri istiqamətində ikinci magistral su xəttinin çəkilməsi də planlaşdırılır. Bu xətt istismara veriləndən sonra  Masallı rayonunun bu mənbədən su alan kəndlərinin sayı 38-ə, əhalinin sayı isə 50 min nəfərə çatacaqdır. Yeni layihə “Azərsu” ASC-nin Təxirəsalınmaz  Tədbirlər Planına uyğun olaraq icra edilir.

Qeyd edək ki, Muğanlı zonasında yerləşən kəndlərin sakinləri içməli suyu ya maşınlarla alır, ya da böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırlar.