logo

Xırdalan-Xocasən tunel tipli kanalizasiya kollektorunun tikintisi uğurla davam etdirilir


Yaradılıb: 28-08-2013 16:32

        

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və Abşeron yarımadasında yeni kanalizasiya infrastrukturlarının yaradılması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq yağış və tullantı sularının idarə edilməsinin  yaxşılaşdırılması və Xəzər dənizinə birbaşa axıdılmasının qarşısının alınması məqsədi ilə yeni layihələr həyata keçirilir.

  Xırdalan şəhəri, Masazır qəsəbəsi və ətraf ərazilərdə toplanan çirkab sularını nəqlinin Bakı şəhərinin mərkəzindən kənarlaşdırmaq məqsədi ilə “Xırdalan-Xocasən tunel tipli kanalizasiya

kollektorunun tikintisi” layihəsinin icrasına başlanılmışdır. Qeyd edək ki, hazırda bu ərazilərdə toplanan tullantı suları Bakı şəhərindən keçməklə Hövsan Aerasiya Stansiyasına ötürülür.  Çirkab suyun axıdılması iki mərhələdə nasoslar vasitəsi ilə və böyük həcmdə elektrik enerjisinin sərfiyyatı hesabına həyata keçirilir.

  Yeni layihə çirkab suların Lökbatan istiqamətində özüaxımlı rejimdə nəqlini  nəzərdə tutur. Ərazinin relyef xüsusiyyətləri nəzərə alınaraq Xocasən təpəlikləri altında tunel tipli kollektorun tikintisi layihələndirilmişdir. Layihəyə əsasən  ümumi uzunluğu 14750 metr olan tunelin  32-49 metr dərinliklərdə  qazılması nəzərdə tutulur.  Tunelin 7400 metrlik hissəsi  2200 mm, 7350 metrlik hissəsi isə 2800 mm diametrində olacaqdır.

  Artıq 2 istiqamətdə - Xocasən gölünün yaxınlığında və Sulutəpə qəsəbəsində tikintiyə hazırlıq işləri  başa çatdırılmış, şaxtalar qazılmış, avadanlıqlar quraşdırılmış və tunel yolunun qazılması işlərinə başlanılmışdır. Tunelin tikintisində dünyada  tətbiq olunan qabaqcıl texnologiyadan - TBM qazma qurğusundan istifadə olunur. Bununla paralel tunelin tikintisində istifadə olunacaq dəmir-beton boruların hazırlanması məqsədilə istehsal sahəsi də yaradılmışdır. Abşeron rayonu ərazisində fəaliyyət göstərən zavodda sutkada 24 rinq (tunelin 1 seqmenti 6 rinqdən ibarətdir) istehsal olunur. Bu qurğu vasitəsi ilə qazma işləri aparılarkən yerüstü obyekt və qurğuların köçürülməsinə ehtiyac olmur. Yeni texnologiya ilə aparılan qazma işləri  ərazidə yerləşən yaşayış evləri və obyektlərə, nəqliyyat və kommunal infrastruktura heç bir problem yaratmır. 

  Hazırda qazma işləri davam etdirilir və tunelin inşasının 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur. Xırdalan-Xocasən tunel tipli kanalizasiya kollektoru istismara verildikdən sonra Xırdalan şəhərində və ətraf yaşayış məntəqələrində, həmçinin Qaradağ, Binəqədi, Yasamal və Səbail rayonlarının bir hissəsində toplanan çirkab suları Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. Burada tullantı suları təmizlənib zərərsizləşdirildikdən sonra Xəzər dənizinə axıdılacaqdır.