logo

Gədəbəy rayonunun Pərizamanlı kəndinin içməli su təchizatı yaxşılaşdırılmışdır


Yaradılıb: 26-08-2013 14:26

             

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin, eləcə də respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrinin də içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq bölgələrdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə davamlı olaraq layihələr həyata keçirilir. Proqram çərçivəsində Gədəbəy rayonunun bu günə qədər içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndi olan Pərizamanlı kəndinin su təchizatının yaradılması layihəsi uğurla başa çatdırılmış, yeni infrastruktur istismara verilmişdir. Bu məqsədlə 23-də Pərizamanlı kəndinə suyun verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov layihənin başa çatması və ucqar dağ kəndinə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik etdi. Çətin relyefə malik kəndin su probleminin birdəfəlik həll edilməsini böyük hadisə adlandıran icra hakimiyyətinin başçısı göstərdiyi diqqət və qayğıya görə  rayon ictimaiyyəti adından ölkə başçısına minnətdarlığını bildirmiş və son illər Gədəbəydə infrastruktur layihələrinin icrasının sürətləndirildiyini diqqətə çatdırmışdır. 

 

          

   “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov vurğulamışdır ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Hazırda “Azərsu” ASC-nin sifarişi əsasında ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 350-dən artıq kənd və qəsəbəsində su layihələri uğurla icra olunur. “Azərsu” ASC ucqar kəndlərin su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görür. Bu tədbirlərin tərkib hissəsi olaraq qısa müddətdə Gədəbəy rayonunun Pərizamanlı kəndinin su təchizatı sistemi yaradıldı. Çətin relyefə malik olmasına baxmayaraq, burada sutoplayıcı sistem, 3 ədəd anbar və nasosxana tikildi, müxtəlif diametrli borularla 12 km uzunluğunda su xətti çəkildi və hər bir evə su verilişi təmin olundu. Bununla da kəndin 720 sakini təmiz bulaq suyu ilə təmin olundu. Gələcəkdə rayonun digər kəndlərində və Gədəbəy şəhərində də su layihələrinin icrasını planlaşdırırıq”.

İndiyə qədər suyu uzaq məsafədən müxtəlif vasitələrlə daşıdıqların bildirən kənd sakini Yaqub Qasımov regionlarda, xüsusən də belə ucqar kənddə infrastruktur layihələrinin icrasına görə Prezident İlham Əliyevə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlığını çatdırdı.

Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən “Gədəbəy rayonunun Pərizamanlı kəndinin su təchizatı sistemlərinin yaradılması” layihəsi kəndin 720 sakininin içməli su probleminin həllinə hesablanmışdır.  

     Layihəyə əsasən istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi kimi kəndin yaxınlığındakı Kərəm, Sarı və Qarabulaq bulaqları seçilmişdir. Bulaq sularının toplanaraq anbara çatdırılması məqsədi ilə polietilen borulardan 670 metr uzunluğunda suyığıcı xətlər quraşdırılmış, həcmi 100 kubmetr  olan anbar və nasos stansiyası tikilmişdir. Kənd əhalisini fasiləsiz və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə relyef baxımından yüksək ərazidə hər birinin tutumu 100 kubmetr olan 2 ədəd əlavə su anbarı inşa edilmişdir və nasoslarla su mənbədəki anbardan bura  qaldırılır. Yüksəklikdəki anbarlardan suyun kəndə nəqli məqsədi ilə polad borularla 1122 metr uzunluğunda magistral su xətti çəkilmiş, 12,4 km uzunluğunda daxili şəbəkə yaradılmışdır. 

     Qeyd edək ki, qonşuluqda yerləşən və 20 təsərrüfatdan ibarət Totuxlu kəndinə də bu mənbədən suyun verilməsi nəzərdə tutulur.