logo

Prezident İlham Əliyev Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir


Yaradılıb: 15-08-2013 11:18

    

   Prezident İlham Əliyev Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

   Əvvəlcə dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə oğuzluları təbrik etdi.

   Rayon ictimaiyyəti adından çıxış edən İradə Məmmədova dövlətimizin başçısına oğuzluların minnətdarlığını çatdırdı.

    Sonra Prezident İlham Əliyev Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə baxdı.
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov bildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Layihənin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinə tapşırılmışdır. Layihə-smeta sənədləri hazırlanmış və “Alıbəyli Şirkəti” MMC tərəfindən birinci mərhələnin işlərinin yerinə yetirilməsinə başlanılmışdır.

    İkinci və üçüncü mərhələ üzrə işlər podratçı təşkilat - “TTŞ İnşaat” MMC tərəfindən yerinə yetirilir. Layihə üzrə işlərə 2010-cu ilin noyabrında başlanılmışdır. Rayonun su təchizatı sistemlərinin yenidən qurulması üçün mühəndis-axtarış işlərinin işçi layihələndirmə səviyyəsində dəqiqləşdirilməsi və işçi layihələrin işlənməsi Azərbaycan-Türkiyə Konsorsiumu tərəfindən icra olunmuşdur. Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən müsbət rəy alınan layihə Oğuz rayonunun əhalisinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınaraq işlənmişdir. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcəkdir. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin – ümumilikdə 19 min 739 nəfərin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulmuşdur. Layihəyə əsasən su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir. Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam ödəyəcəkdir. Bu isə 2031-ci ildə Oğuz rayonunun əhalisinin içməli su ilə tam təmin olunması deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiqləmişdir.

    Bildirildi ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə aparılır.

Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Bu mərhələdə hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən Sazur və Almalıq bulaqları ərazisində yeraltı suların yığılması və süzülməsi üçün üfüqi suyığıcı qurğu tikilmiş, 315 millimetr diametrli polietilen borulardan su anbarlarına qədər 2,3 kilometr uzunluqda magistral su xətti çəkilmişdir.

    Suqəbuledici qurğular meydançasında tikilən keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları avadanlıqla təchiz edilmişdir. Hər birinin həcmi 1000 kubmetr olan iki yeni su anbarı tikilmişdir. Bundan başqa, həcmi 200 kubmetr olan su anbarı bərpa edilmişdir.

    Suqəbuledici qurğular meydançasında transformator yarımstansiyası və generator quraşdırılmışdır. İkinci mərhələdə şəhərin üç zonasında su anbarları sahəsi yaradılmışdır. Hər birinin həcmi 250 kubmetr olan altı su anbarı, həmçinin şəhərin su və kanalizasiya şəbəkələri, yerli “Sukanal” İdarəsi üçün inzibati bina və istehsalat bazası inşa olunmuşdur. Bu mərhələdə içməli su şəbəkəsində müxtəlif diametrli 112,9 kilometr uzunluqda, o cümlədən anbarlararası xətlərdə 8,2 kilometr, şəhər magistral su xətlərində 57,7 kilometrlik, abonent qoşulmalarında isə 47 kilometrlik boru xətti çəkilmişdir. Şəhərdə 4014 abonentin su sayğacı ilə təmin edilməsi nəzərdə tutulmuşdur.

    Şəhərin kanalizasiya xəttinin ikinci mərhələsində də işlər uğurla başa çatdırılmışdır. Üçüncü mərhələ çərçivəsində gün ərzində məhsuldarlığı 2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya sisteminin potensialı Oğuz şəhərini və Bayan kəndini əhatə edir. Çirkab sutəmizləyici qurğularda müasir texnologiyalar tətbiq olunmuşdur. Çirkab sutəmizləyici qurğular kompleksinin bu ilin sonunda istismara verilməsi planlaşdırılır.

    Görülən işlərlə tanış olan Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basdı.

     Sonda xatirə şəkli çəkdirildi.

Ünvan: Moskva prospekti 67, AZ 1012 Bakı, Azərbaycan
Tel: (+994 12) 431 47 67 / 87
Fax: (+994 12) 430 28 87
E-poçt: office@azersu.az