logo

Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir


Yaradılıb: 15-08-2013 09:38

     

    Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

   - Bu gün gözəl tədbirdir. Biz İsmayıllıya içməli suyun verilməsini qeyd edirik. Bu münasibətlə sizi təbrik edirəm. Çox vacib layihədir, böyük layihədir.

   Su insan üçün əsas məsələdir. Şadam ki, İsmayıllıda da içməli su və kanalizasiya layihəsi icra edilir. Biz indi suyun verilməsini qeyd edəcəyik və bundan sonra İsmayıllı şəhərinin təmiz, keyfiyyətli, içməli su ilə təminatı artıq həll olunacaqdır.

   Digər infrastruktur layihələri də icra edilir. Qazlaşdırma da uğurla aparılmışdır. Şəhər tamamilə qazlaşdırılıb, kəndlərdə də qazlaşdırma gedir. Əsas infrastruktur layihələri bunlardır və bunları biz həll edirik. Şadam ki, İsmayıllıda bu istiqamətdə işlər yaxşı gedir. Rayon inkişafdadır, böyük dəyişikliklər vardır. Əminəm ki, rayon bundan sonra da bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq və artıq tapmaqdadır.

    İnfrastruktur layihələri, insanların işlə təmin edilməsi məsələləri həll edilir. Bu gün yeni tikiş fabrikinin açılışını qeyd edəcəyik. Rayonun kompleks şəkildə inkişafı ilə bağlı konkret tədbirlər planı vardır. Yeni rəhbərlik işə çox böyük fəallıqla və çox böyük həvəslə başlamışdır. Yeni rəhbərlik təyin olunanda qarşıya bir neçə vəzifə qoyulmuşdu. İlk növbədə, rayonun sosial-iqtisadi inkişafını sürətləndirməli idik və artıq biz bunu görürük. Eyni zamanda, insanları narahat edən problemlər öz həllini tapmalı idi. İnsanlara diqqət, qayğı göstərilməlidir. Mənim bütün icra başçıları qarşısında qoyduğum əsas məsələlər bunlardır. Hər bir vəzifə sahibi, hər bir rəhbər işçi, ilk növbədə, insanlara qulluq etməlidir, onların qayğıları ilə yaşamalıdır, insanların rahat yaşaması üçün əlindən gələni etməlidir. Bu bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

    Bax, bu layihə də sırf sosial xarakter daşıyır. Buraya qoyulan investisiyalar çox böyük investisiyalardır. Qazlaşdırma, su xətləri, kanalizasiya, yollar, sosial obyektlərin tikintisi böyük vəsait tələb edir. Bu vəsaiti Azərbaycan dövləti büdcə hesabına ödəyir ki, insanların rahat yaşaması üçün daha da yaxşı imkanlar yaransın.

   Sosial siyasət əsas məsələdir. Sosial siyasət təkcə sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Sosial siyasət o deməkdir ki, siyasətimizin mərkəzində insan olmalıdır. Bu da var, bunu biz təmin edirik. Biz öz iqtisadi gücümüzü sosial sahəyə yönəldirik və bu məsələlərə kompleks şəkildə yanaşırıq. Məktəb, xəstəxana tikintisi. İsmayıllıda da xəstəxana tikilir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Su layihələri və digər sosial məsələlər. Əlbəttə, yeni rəhbərlik qarşısında bir vəzifə də qoyulmuşdur ki, biz İsmayıllının müasir şəhərə çevrilməsinə nail olmalıyıq. Burada böyük quruculuq, abadlıq işləri aparılır, yollar genişlənir, gözəl binalar tikilir. Bu hələ görülən işlərin birinci mərhələsidir. Əminəm ki, bu yüksək templər saxlanılacaq və yaxın zamanlarda İsmayıllı ölkəmizin qabaqcıl rayonlarından birinə çevriləcəkdir. Buna nail olmaq üçün bütün imkanlar, gözəl potensial, rayonun öz potensialı, böyük imkanlar vardır. Burada zəhmətkeş, vətənpərvər insanlar yaşayır, dövlət qayğısı var, dövlət vəsaiti ayrılır, eyni zamanda, özəl sektor da fəal iştirak edir.

    Bax, bu yanaşma hesab edirəm ki, ölkəmizdə son illərdə əldə edilən uğurların əsas şərtidir. Dövlət investisiyaları, sahibkarlığın dəstəyi və özəl qurumların həm biznes, həm də sosial sahələrə göstərdiyi diqqət yeni bir ab-hava yaradır.

    Əminəm ki, bundan sonra İsmayıllıda yalnız inkişaf olacaqdır, böyük nailiyyətlər olacaqdır, insanlar rahat yaşayacaqlar və öz işi ilə, öz zəhməti ilə dövlətçiliyimizi möhkəmləndirəcəklər.

    İsmayıllını müasir turizm mərkəzinə çevirmək üçün imkanlar vardır - gözəl təbiəti, iqlimi, Bakıya yaxınlığı. Bütün bu əsas məsələlər, infrastruktur layihələrinin artıq icra edilməsi. Yəni, bu fürsət əldən verilməməlidir. İsmayıllı doğrudan da ən qabaqcıl rayona çevrilməlidir. Buna imkanlar vardır.

    Azərbaycan dövləti buna nail olmaq üçlün öz səylərini göstərir. Yerli icra orqanları yeni prinsiplər əsasında işləyirlər və bilirəm ki, bu, əhali tərəfindən də dəstəklənir. Bütün ictimaiyyət, fəallar bir amal ətrafında birləşməlidir ki, rayonda işlər daha da sürətlə getsin, ölkəmiz daha da güclənsin və Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin.

     Bax, bu layihə son illər ərzində atılmış addımların nəticəsidir və bir daha demək istəyirəm ki, içməli su layihəsi insanların sağlamlığı üçün əsas şərtdir. Bunu biz edirik və bundan sonra da belə gözəl layihələrin sayı artacaqdır. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm”.

      “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, İsmayıllı rayonunda sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir. İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayının məcraaltı suları nəzərdə tutulmuşdur. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılmışdır. Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilmişdir.

    Sonra Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

    Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Bundan başqa, dörd su anbarı inşa edilmişdir. Həmçinin 31 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilmişdir.

    Qurğunun tikinti işləri davam etdirilir.

    Prezident İlham Əliyev layihənin uğurla tamamlanması ilə bağlı tapşırıqlarını verdi.