logo

Memarlıq və İnşaat Universitetinin tələbələri üçün "Yay məktəbi" təşkil olunmuşdur


Yaradılıb: 05-08-2013 15:35

   

   "Azərsu” Açıq Səhmdar Cəmiyyəti kadr hazırlığı və gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqların, iş təcrübəsinin yüksəldilməsinə xüsusi diqqət yetirir. “Azərsu” ASC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında “Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair” müqaviləyə uyğun olaraq Səhmdar Cəmiyyətdə “Yay məktəbi” proqramı təşkil olunmuşdur.  Proqrama uyğun olaraq universitetin tələbələri “Azərsu” ASC-nin müəssisə və təşkilatlarında istehsalat prosesləri ilə əyani tanış olurlar. Bununla əlaqədar tələbələrə bütün lazımi şərait yaradılmışdır.

   AzMİU-nin 3-cü kurs tələbələrindən ibarət 20 nəfərlik qrupu   I və II  Bakı su kəmərləri, həmçinin Kür su kəmərləri sisteminin  iş prinsipi ilə tanışlıq olma üçün istehsalat sahələrinə səfər etmişlər. “H.Z.Tağıyev  adına Su Kəmərləri” İdarəsinin  nasos stansiyaları ilə tanış olan tələbələrə I Bakı (Şollar) və II Bakı su kəmərləri vasitəsi ilə içməli suyun Bakı şəhərinə nəqli barədə ətraflı məlumat verilmişdir. I və II Bakı su kəmərlərinin qidalandığı su mənbələri ilə tanış olmaq üçün tələbələrin Xaçmaz rayonuna səfərləri təşkil olunmuşdur. Burada onlara su kəmərlərinin qidalanma mənbəyi, suyun keyfiyyəti, nəqli və digər məsələlərlə bağlı ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

   Növbəti səfər Kür sutəmizləyici qurğular kompleksinə təşkil olunmuşdur. Burada tələbələr suyun Kür çayından  götürülərək Bakı şəhərinə çatdırılmasınadək bütün texnoloji proseslər barədə ətraflı məlumatlandırılmış və onlar istehsalat sahələri ilə əyani tanış olmuşlar.

  “Yay məktəbi” proqramı çərçivəsində tələbələrin Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan sutəmizləyici qurğular kompleksi, Hövsan Aerasiya Stansiyası və digər obyekt və qurğulara da səfərləri təşkil olunacaqdır.

  “Azərsu” ASC-nin idarə və müəssisələri, hidrotexniki qurğuları ilə tanışlıq tələbələrə bilik və təcrübələrini artırmağa şərait yaradacaq, qazanılan təcrübə gələcək əmək fəaliyyətində böyük rol oynayacaqdır.