logo

Şəmkir şəhərinə yeni mənbədən içməli suyun verilməsinə başlanmışdır


Yaradılıb: 30-07-2013 15:17

      

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Şəmkir  şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

          İcrasına 2011-ci ilin oktyabrında başlanmış “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” çərçivəsində şəhərin içməli su və kanalizasiya sisitemləri yenidən qurulur.  Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Şəmkir şəhərinə içməli su Cəyir çayın hövzəsində tikilmiş drenaj sistemindən veriləcək. Su mənbəyindən anbara qədər 480  mm  diametrli borularla 7 km uzunluğunda magistral, müxtəlif diametrli borularla 5 km anbarlararası  su xətləri çəkilmiş,  tutumu  7000 kubmetr olan su anbarı tikilmişdir. Yeni tikilmiş xlorator qurğusu  və  laboratoriya binasında son tamamlama işləri aparılır.
        Şəhərdə ümumi uzunluğu 238 km olan şəhərdaxili su şəbəkəsinin 64 km-lik hissəsi çəkilmiş, 1800-dən artıq ünvan şəbəkəyə qoşulmuş, 735 ədəd smart kart tipli sayğac quraşdırılmışdır. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanmışdır.

Şəmkir şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 203 km olan kanalizasiya şəbəkəsinin və kanalizasiya kollektorunun tikintisi davam etdirilir.  Tullantı suları şəhərin kənarında inşa edilən çirkab su təmizləyici qurğuya ötürüləcəkdir.

Tikinti-quraşdırma işlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.