logo

100 mindən çox ön ödənişli smart-kart sayğacı quraşdırılmışdır


Yaradılıb: 24-07-2013 15:56

   

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində tədbirləri davam etdirir. 2012-ci ilin əvvəlindən smart-kart sayğacların quraşdırılmasına başlanılmış və ötən müddətdə quraşdırılmış ön ödənişli sayğacların sayı 100 mini keçmişdir.

  “Azərsu” ASC smart-kart sayğacların quraşdırılmasına ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron Sukanal idarə və departamentlərinin xidmət göstərdiyi ərazilərdə başlanmış və daha sonra regionlarda həyata keçirilmişdir. Su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində Quba, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Şamaxı, Oğuz, Hacıqabul, Tovuz, Ağstafa  və digər şəhərlərdə də abunəçilər smart-kart sayğaclarla təmin olunmuşdur. Ümumilikdə 2013-cü ilin  yanvar-iyun aylarında 73 min smart-kart sayğacın quraşdırılması təmin edilmişdir.

  01 iyul 2013-cü il tarixə “Azərsu” ASC-nin  sayğacla təmin olunmuş abunəçilərinin sayı 529 180-ə çataraq sayğaclaşma səviyyəsi 49,3 faiz təşkil etmişdir.

  Bundan başqa, magistral xətlər üzərində 21 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal  idarələrinin sərhədlərində isə 46 ədəd elektromaqnit fləns tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilmişdir.