logo

Şabran şəhərini içməli su ilə təmin edəcək su xəttinin və kanalizasiya şəbəkəsinin açılış mərasimi keçirilmişdir


Yaradılıb: 20-07-2013 10:32

      

   Prezident İlham Əliyev Şabran şəhərini içməli su ilə təmin edəcək su xəttinin və kanalizasiya şəbəkəsinin açılış mərasimində iştirak etmişdir.

  Əvvəlcə dövlətimizin başçısı “Qurtuluş” parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

  Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi: - Sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm.

    Doğrudan da böyük hadisədir, tarixi hadisədir. Şabran şəhərinə suyun verilməsini qeyd edirik və bir daha demək istəyirəm ki, bu hadisə böyük əhəmiyyətə malikdir. Çünki içməli su insan üçün, insanın sağlamlığı üçün ən vacib amildir. Mən şadam ki, indi Azərbaycanın bütün bölgələrində içməli su və kanalizasiya layihələri icra edilir. Bəzi yerlərdə bu layihələr artıq başa çatıb, bəzi yerlərdə hələ ki, icra edilir və yaxın 2-3 il ərzində ölkəmizin hər bir şəhərində təmiz içməli su layihələri istismara veriləcəkdir.

   Bu, tarixi layihədir, tarixi əhəmiyyətə malikdir. Çünki əsrlər boyu su problemi bizim insanları incidirdi, su qıtlığı yaşanırdı.

   Müxtəlif dövrlərdə layihələr icra edilmişdir. Ancaq sonra bu layihələrin imkanları tələbatımızı ödəmirdi. Çünki ölkə inkişaf edir, əhali artır. İndi artıq Azərbaycanın 9 milyon 400 min əhalisi vardır və tələbat artdıqca əlbəttə ki, biz yeni layihələrin icrasına da başlamalıyıq və bunu edirik. Bu proses Bakı şəhərində, böyük şəhərlərdə çox geniş vüsət almışdır. Hər bir şəhərdə içməli su-kanalizasiya layihələri icra edilir.

  İnsanların sağlamlığı ən başlıca vəzifədir. Sağlamlığı təmin etmək üçün müxtəlif kompleks tədbirlər görülür. İlk növbədə, içməli su təminatına diqqət yetirilir. Özü də bu içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur, yəni, təmizdir, keyfiyyətlidir. Tibbi xidmət əlbəttə ki, çox vacibdir və bu məsələ də öz həllini tapır. Ekoloji tədbirlər, idman, digər amillər.

   Ancaq onların içində içməli su birinci yerdədir. Biz bu layihənin səmərəsini görəcəyik, gələcək nəsillər də görəcəkdir. Mən çox şadam ki, Şabranda artıq bu layihə tamamilə hazırdır, içməli su və kanalizasiya layihələri istifadəyə verilir. Əlbəttə ki, bu kimi layihələr ölkəmizin imkanlarını göstərir. Müstəqil Azərbaycan dövləti bu layihələri icra etməyə qadirdir. Biz 20 ildən bir qədər çox müstəqilik. Müstəqilliyin bəhrələrini hər bir Azərbaycan vətəndaşı görür. Bizim taleyimiz öz əlimizdədir və ölkəmiz, xalqımız üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik.

  Şabran rayonunda digər böyük layihələr icra edilir. Deyə bilərəm ki, ölkə miqyasında və qeyri-neft sektorunda ən iri layihələrdən biri olan Taxtakörpü su anbarı layihəsi icra edilir. Bu gün biz Vəlvələçay-Taxtakörpü su kanalının açılışını qeyd etdik. Artıq Taxtakörpü gölünə suyun doldurulması başlanmışdır. Bu da ölkə miqyasında nəhəng layihədir, 180 min hektar sahəni əhatə edəcəkdir. 180 min hektarda suvarma yüksək səviyyədə təşkil ediləcək, 30 min hektar sahəyə isə yenidən su veriləcəkdir. Yəni, bu, kənd təsərrüfatının inkişafına, fermerlik fəaliyyətinə təkan verəcək, nəticədə ölkənin qeyri-neft sektoru inkişaf edəcəkdir. Bizim daxili tələbatımızı öz hesabımıza təminetmə prinsipi təmin ediləcəkdir. Yəni, bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Taxtakörpü su anbarı, su elektrik stansiyası, kanallar nəhəng infrastruktur layihələridir. Ancaq güclü dövlətlər belə layihələri icra edə bilərlər. Azərbaycanda nəhəng layihələr icra edilir. Bu, əlbəttə ki, bir tərəfdən ölkəmizin gücünü göstərir, digər tərəfdən dövlət siyasətini əks etdirir. Çünki bu layihələr insanların rahat yaşaması üçün icra edilir. Bu, elə layihələrdir ki, buraya qoyulan vəsait dövlətə birbaşa qayıdan vəsait deyildir. Bu, yalnız insanlara şərait yaratmaq, xidmət göstərmək və biznes imkanlarını genişləndirmək üçün nəzərdə tutulmuşdur. Yaxın aylarda Taxtakörpü gölündə suyun səviyyəsi tamamilə təmin ediləcəkdir və bu nəhəng layihə istismara veriləcəkdir. Bu layihə onilliklər, yüzilliklər bundan sonra da bizə xidmət edəcəkdir.

   Bu gün səhər biz kənd yolunun istismara verilməsini də qeyd etdik. Bu da çox vacib layihədir. İndi Zeyvə kəndinə qədər uzanan yol müasir standartlara cavab verir və bu da bizim niyyətimizi göstərir. Kənd yollarının tikintisi ölkəmizdə, o cümlədən Şabran rayonunda geniş vüsət almışdır. Kəndlərdə yaşayan insanlar da normal imkanlardan istifadə etməlidirlər. Kənd yolları vacib məsələdir, insanların rahatlığı, hər bir rayonun inkişafı üçündür.

   Bax, bir gündə Şabranda qeyd olunan hadisələr onu göstərir ki, ölkəmiz nə qədər hərtərəfli inkişaf edir. Həm sosial layihələr, infrastruktur layihələri icra edilir, şəhər də abadlaşır, yeni parklar salınır. Mən buna çox sevinirəm, bunu təqdir edirəm. Hər bir yerdə, hər bir şəhərdə ictimai yerlər yaradılmalıdır – parklar, bağçalar, xiyabanlar ki, ictimaiyyət onlardan istifadə etsin və Şabranda da bu işlər gedir. Burada gələcəkdə diyarşünaslıq muzeyinin tikintisinə böyük ehtiyac vardır. Çünki Şabran qədim yaşayış yeridir, burada arxeoloji qazıntılar da aparılıb və aparılır. Çox qədim tarixə malik olan bir diyardır və mütləq müasir diyarşünaslıq muzeyi də yaradılmalıdır, bu gün müvafiq göstərişlər verilmişdir.

  Bu gün sizinlə bərabər bu gözəl hadisəni qeyd edirik və bu hadisə münasibətilə sizi təbrik edirəm.

  Sonra Azərbaycan Prezidenti videoçarx və stendlər vasitəsilə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində Şabranda həyata keçirilən tədbirlərlə tanış oldu.

  Dövlətimizin başçısına məlumat verildi ki, Şabran rayon mərkəzinin 29 min 659 nəfərlik əhalisini içməli su ilə təmin etmək üçün layihəyə əsasən su mənbəyi kimi ikinci Bakı su kəməri nəzərdə tutulmuşdur. Bu məqsədlə 134 min 800 metrlik su xəttinin və 122 min 700 metr kanalizasiya xəttinin çəkilməsi, 100 kubmetrlik sutəmizləyici qurğunun nasos stansiyası ilə birlikdə tikintisi, 2 min kubmetrlik su anbarının nasos stansiyası ilə birlikdə inşası, 700 kubmetrlik və 1000 kubmetr həcmində su anbarlarının, həmçinin çirkab su nasos stansiyası və gücü 29 min əhali ekvivalenti olan çirkab sutəmizləyici qurğunun inşası planlaşdırılır.

  Bildirildi ki, 2010-cu ilin dekabrında Fransanın “SADE” və ölkəmizin “RAMKO” şirkətləri ilə bağlanan müqavilə əsasında Şabran rayon mərkəzinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanmışdır. İndiyədək 145 min 879 metr su, 129 min 356 poqonometr kanalizasiya xətti çəkilmiş, 5 min 766 ev kanalizasiya xəttinə birləşdirilmişdir.

  Diqqətə çatdırıldı ki, suyun şəhər əhalisinə verilməsi üçün 100 kubmetrlik tənzimləyici anbarın, həcmi 700, 1000 və 2000 kubmetr olan su anbarlarının və çirkab su nasos stansiyasının tikintisi üzrə işlər artıq tam başa çatdırılmışdır. Gücü 29 min əhali ekvivalenti olan çirkab sutəmizləyici qurğunun daha müasiri ilə əvəz olunması üçün layihədə dəyişiklik edilmişdir. Qurğunun tikintisi davam etdirilir. Layihənin həyata keçirilməsi ilə Şabran şəhərinə gün ərzində adambaşına 180 litr su verilməklə əhalini 24 saat ərzində daimi içməli su ilə təmin etmək mümkün olacaqdır.

  Dövlətimizin başçısına şəbəkənin inşasında istifadə olunan mütərəqqi texnologiyalar, avadanlıq və materiallar barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, layihənin reallaşdırılması zamanı mikrotunel qazma və digər müasir üsullar geniş tətbiq olunmuşdur. Bildirildi ki, ümumilikdə “Meliorasiya və Su Təsərrüfatı” ASC milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihəyə əsasən respublikanın 8 rayonunda – Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabadda iş aparır.

  Prezident ilham Əliyev yeni xətlə rayon mərkəzinə içməli suyun verilməsini bildirən düyməni basdı.

  Sonda xatirə şəkli çəkdirildi.

  Şabran içməli su və kanalizasiya şəbəkəsinin açılışı münasibətilə rayonda Qurtuluş Parkı yaradılmışdır. Mərasimdən sonra Prezident İlham Əliyev həmin parkla tanış oldu.