logo

Siyəzən şəhərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimi keçirilmişdir


Yaradılıb: 19-07-2013 08:10

 

 

Siyəzən şəhərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimi olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə barədə dövlətimizin başçısına məlumat verilərək bildirilmişdir ki, layihə Azərbaycan Hökuməti və Dünya Bankının vəsaiti hesabına həyata keçirilir.

Prezident İlham Əliyev Siyəzən şəhərinin su təchizatı şəbəkəsinin planı, su təchizatı və kanalizasiya qurğularının yerləşmə sxemi, kanalizasiya şəbəkəsinin planı, çirkab sutəmizləyici qurğunun sxemi ilə tanış olmuşdur. Qeyd edilmişdir ki, Siyəzən rayon mərkəzinin əhalisini içməli su ilə təmin etmək üçün layihədə su mənbəyi kimi ikinci Bakı su kəməri qəbul edilmişdir. Layihələrdə yeni qurğuların texniki parametrləri öz əksini tapmışdır.

Prezidentə məlumat verilmişdir ki, Fransanın “SADE” və Azərbaycanın “RAMKO” şirkətləri arasında imzalanmış tikinti müqaviləsi əsasında Siyəzən şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanılmışdır. Şəhərin bütün evləri su və kanalizasiya şəbəkələrinə qoşulmuşdur. İkinci Bakı kəmərindən suyun götürülməsi və şəhərə paylanması üçün 100 kubmetrlik təmizləyici su anbarının, 1000 və 3000 kubmetrlik su anbarlarının tikintisi başa çatdırılmışdır. Çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihənin həyata keçirilməsi ilə Siyəzən şəhər əhalisini 24 saat ərzində içməli su ilə təmin etmək mümkün olacaqdır.

Prezident İlham Əliyev şəhərə suyun verilməsini bildirən düyməni basdı.

Azərbaycan Prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar tapşırıqlarını vermişdir.