logo

“Azərsu” ASC-də 1171065 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınmışdır


Yaradılıb: 18-07-2013 15:48

  2013-cü ilin yanvar-iyun  aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin sayı 35 min və ya 2,9 faiz artmışdır. 01 iyul 2013-cü il tarixinə olan məlumata görə, “Azərsu” ASC-də 1171065 abunəçi su  və kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınmışdır. İstehlakçıların 1132575-i və ya 96,7  faizi  əhali, 38490-ı və ya 3,3 faizi isə qeyri-əhali qrupu abunəçiləridir. 2013-cü ilin birinci yarımilliyində əhali qrupu abunəçilərinin sayı 2,6 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 16 faiz artmışdır. Hesabat dövründə əhali və qeyri-əhali qrupu üzrə  abunəçilərin  sayında nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, yeni abunəçilərin qeydiyyata alınması, həmçinin uçot sisteminin təkmilləşdirilməsi   hesabına baş vermişdir.

  01 iyul 2013-cü il tarixə “Azərsu” ASC-nin  sayğacla təmin olunmuş abunəçilərinin sayı 529 180-ə çataraq sayğaclaşma səviyyəsi 49,3 faiz təşkil etmişdir. Hazırda əhali qrupu abunəçilərinin 48,1 faizi, qeyri əhali qrupu abunəçilərinin isə 86,3 faizi sayğaclarla təmin olunmuşdur. 2013-cü ilin yanvar-iyun ayları ərzində 58 min smart-kart sayğacı quraşdırılmışdır.