logo

Şirvan şəhərində 15 min sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır


Yaradılıb: 16-07-2013 17:20

     

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri  davam etdirir. İçməli su təchizatı sektorunda həyata keçirilən ən böyük infrastruktur layihələrindən olan Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi nəticəsində  hazırda şəhərin 15 min sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmış və  abunəçilər 24 saat fasiləsiz su ilə təmin olunmuşdur.

    Təməli 2012-ci ilin iyul ayında  Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin Şirvan şəhərinədək olan hissəsinin inşasının  yekunlaşması Şirvan şəhərinə yeni mənbədən içməli suyun verilməsinə imkan yaratmışdır. Prezident İlham Əliyevin iştirakı ilə  2013-cü il iyul ayının 1-də Şirvan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir.

İlkin mərhələdə yeni mənbədən içməli suyun mövcud şəbəkə vasitəsi ilə Şirvan şəhərinin bir hissəsinə, eləcə də Yeni Yaşayış massivinə verilməsinə başlanmışdır. Bununla da indiyədək mövcud şəbəkə vasitəsilə bir gündən bir su alan şəhər əhalisinin bir hissəsinə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilmişdir. Hazırda Yeni Yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması işləri davam etdirilir. Ümumi uzunluğu 60 km olan paylayıcı şəbəkənin 45,7 km-lik hissəsi çəkilmiş və bununla da 4 mindən çox sakin 24 saat fasiləsiz  içməli su ilə təmin olunmuşdur. İşlər tam başa çatdıqdan sonra Şirvan şəhərində su təchizatı yaxşılaşdırılmış əhalinin sayı 25 min nəfərə çatacaqdır. Yeni Yaşayış massivində 2 minədək abonent ön ödənişli smart-kart sayğaclarla təmin olunacaqdır.    

  Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması isə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi” çərçivəsində həyata keçiriləcəkdir.

             Qarşıdakı aylarda Şirvan-Muğan qrup su kəmərindən Salyan və Biləsuvar şəhərlərinə də içməli suyun verilməsi təmin ediləcəkdir.