logo

Yanvar-iyun aylarında içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 849 fakt aşkarlanmışdır


Yaradılıb: 15-07-2013 16:27

     

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması ilə yanaşı,  bu sahədə dəqiq uçot sisteminin yaradılması, xidmətlərdən qeyri-qanuni istifadənin qarşısının alınması istiqamətində kompleks nəzarət tədbirləri həyata keçirir. Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda həyata keçirilən infrastruktur layihələri göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə  hesablansa da bəzi istehlakçılar tərəfindən sui-istifadə hallarına yol verilir.   

   “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə əsaslanaraq “Azərsu” ASC-nin Abonent işləri departamenti və yerli sukanal idarələrinin əməkdaşları mütəmadi olaraq su təchizatı  və kanalizasiya sistemlərinə baxış keçirir, xidmətlərdən istifadənin vəziyyətini araşdırır.

   Cari ilin yanvar-iyun aylarında aparılan nəzarət tədbirləri nəticəsində  içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 849 fakt aşkarlanmışdır. Araşdırmalar nəticəsində Səhmdar Cəmiyyətə dəymiş ziyanın məbləği 2,4 milyon  manat müəyyən edilmişdir. Görülmüş tədbirlər nəticəsində bu məbləğin  993 min manatının ödənilməsi təmin edilmişdir.  Təkcə cari ilin iyun ayında içməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə ilə bağlı 194 fakt aşkarlanmışdır. Bunlardan 168-i Bakı şəhərində, 26-ı  müxtəlif rayonlarda qeydə alınmışdır. Qiymətləndirmə nəticəsində “Azərsu”  ASC-yə dəymiş ziyan 279,6 min  manat məbləğində müəyyən edilmiş və bunun 210,3 min manatının ödənilməsi təmin edilmişdir.

    Araşdırmalar göstərir ki, su təchizatı və kanalizasiya  xidmətlərindən qanunsuz istifadəyə daha çox içməli suyun böyük miqdarda istehlak edildiyi yerlərdə  -  restoran, hamam, avtoyuma və s. obyektlərdə rast gəlinir. Bəzən smart-kart sayğacların quraşdırılmasına baxmayaraq abunəçilər içməli suya olan tələbatını sayğacdankənar qoşulmalar hesabına ödəyirlər. Belə hallar aşkarlandıqda içməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edən abunəçilərin su təchizatı qeyd-şərtsiz dayandırılır və  “Azərsu” ASC-yə dəymiş ziyanın həmin abunəçilər tərəfindən ödənilməsi tələb edilir