logo

Qax şəhərində yeni su təchizatı və kanalizasiya sistemləri yaradılır


Yaradılıb: 12-07-2013 16:31

   

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri  davam etdirir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

İcrasına 2011-ci ilin noyabr ayında başlanmış “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nə əsasən  Qax şəhəri, Qaxbaş və Qaxinqloy kəndlərində  2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 20 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdır.

 Layihəyə əsasən istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi Qax rayonunun İlisu qəsəbəsi yaxınlığındakı bulaqlar seçilmişdir. Bulaq sularının toplanaraq şəhərə ötürülməsi məqsədi ilə suqəbuledici qurğu tikilmiş və bu mənbədən Qax şəhərinə qədər 250 mm diametrli borularla 6,7 km magistral su xətti çəkilmişdir. Qax şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək məqsədi ilə inşa edilən və  hər birinin tutumu 1000  kubmetr olan 6 ədəd su anbarında son tamamlama işləri aparılır.

Qax şəhərində ümumi uzunluğu 119 km olan şəhərdaxili su şəbəkəsinin 55 km-lik hissəsi çəkilmiş, 2 minə qədər ünvan şəbəkəyə qoşulmuşdur. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə smart-kart tipli sayğacların quraşdırılması davam etdirilir və indiyə qədər 5900 abunəçinin 237-si sayğacla təmin olunmuşdur. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanmışdır.

 

Layihəyə uyğun olaraq, Qax şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılır.  Bu məqsədlə şəhərin Heydər Əliyev prospekti boyunca 17 km uzunluğunda kanalizasiya kollektorunun inşası başa çatmış, 89,5 km kanalizasiya şəbəkəsinin isə 34 km-lik hissəsində işlər yekunlaşmışdır. Qax şəhərində, Qaxbaş və Qaxinqloy kəndlərində yaranacaq tullantı suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 8000 kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir.

 

 Qax şəhərinin su təchizatı sistemi 1950-60-cı illərdə yaradılmışdır. Yeni layihənin icrasınadək Qax şəhərinin əhalisi çay və artezian sularından istifadə edirdi. Şəhərdə mövcud olmuş su şəbəkəsi istismara yararsızdır və şəhər əhalisinin təxminən yarısı mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur.