logo

1 C proqramının 3 yeni modulunun tətbiqinə başlanmışdır


Yaradılıb: 05-07-2013 13:29

   Son illər ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Yeni iqtisadi münasibətlər sisteminin formalaşması maliyyə sistemində də islahatların aparılmasını, müasir təcrübələrin tətbiqini zəruri edir.  Bu baxımdan təsərrüfat subyektlərində mühasibat uçotu sisteminin yeni prinsiplər əsasında - Maliyyə Hesabatlarının  Beynəlxalq Standartlarına uyğun yaradılması vacibdir.  Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində beynəlxalq layihələr həyata keçirən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində yeni sistemə keçid sürətləndirilmişdir.

 Yeni sistemə keçidlə əlaqədar Səhmdar Cəmiyyətdə müvafiq komissiya yaradılmış və bir sıra təşkilati və texniki məsələlər həll edilmişdir. Beynəlxalq standartlara uyğun mühasibat uçotu sisteminin digər sahələrlə sıx əlaqəli olduğu nəzərə alınaraq bu sahədə yeni proqram məhsullarının tətbiq edilməsi qərara alınmışdır. Bununla əlaqədar hazırda dünyada tətbiq olunan ən qabaqcıl proqram məhsullarının imkanları öyrənilmişdir. Səhmdar Cəmiyyətdə  mühasibat uçotunun təşkili sahəsində mövcud vəziyyət, texniki və maliyyə imkanları nəzərə alınaraq ən optimal variant kimi 1C proqramına üstünlük verilmişdir.

“Azərsu” ASC-də 1 C proqramının tətbiqinə bu sahədə böyük təcrübəsi olan məsləhətçi şirkətlə birgə başlanılmışdır. Məsləhətçi şirkətlə müqavilə imzalandıqdan sonra bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Yeni sistemin  tətbiqinin ilkin mərhələsində proqramın əhatə  dairəsinə düşən  sahələrdə sənəd dövriyyəsi müəyyən edilmiş, sənəd nümunələri toplanaraq icraçıya ötürülmüş və həmin sənədlərin sistemin üzərində qeydiyyatı və çapı təmin edilmişdir.

İlkin olaraq proqram təminatının 3 modulunun tətbiqi -  mühasibat uçotu, əmək haqqı və personalın idarə edilməsi və maliyyə hesabatlarının konsolidasiyası proseduralarının avtomatlaşdırılması üzrə işlərə başlanılmışdır. Qeyd olunan modullar mühasibat uçotunun aparılmasında ilkin sənədlərin sistemə işlənməsindən başlayaraq sənədlərin sistemdən çap olunması, maliyyə hesabatlarının hazırlanması, işçi heyətinin uçotu, əmək haqqının   hesablanması kimi işlərin sistemdə avtomatik işlənməsinə imkan yaradır. Bu sistem digər sahələrlə əlaqəli olduğundan qarşılıqlı nəzarət mexanizmi əsasında işləyir, maliyyə və insan amili ilə bağlı riskləri aradan qaldırır.

01 yanvar 2012-ci il tarixinə proqram təminatında uçot bazasının formalaşdırılması məqsədi ilə Səhmdar Cəmiyyət üzrə ştat cədvəllərinin, əsasnamələrin, kadr axınını və idarə olunması hesabatlarının, maliyyə hesabatlarının və digər hesabat formalarının yığılması və onların sistemdə yaradılması təmin edilmişdir.

Artıq “Azərsu” ASC-nin tabeliyində olan 34 təşkilatda işçilərin məlumatlarının bazası yaradılmış, işçi heyətinin uçotu, əmək haqqının hesablanması ilə bağlı məlumatlar sistemə daxil edilmişdir. Bu məlumatlar sistemdə avtomatik işlənilir və müəyyən müddətin sonu üçün nəticələr  çıxarılır. Məsələn, işçilərin işə davamiyyəti, ezamiyyət və məzuniyyət kimi məsələlər  nəzərə alınaraq real əmək haqqı hesablanır və bu zaman  insan faktoru ilə hər hansı müdaxilə etmək mümkünsüz olur.

 

1 C proqramının tətbiqi ilə bağlı Səhmdar Cəmiyyətdə mütəxəssis və mühasiblər üçün treninqlər keçirilmiş və onlara yeni proqramın mahiyyəti izah edilmiş, sistemlə işləmə üsulları öyrədilmişdir.  Sərbəst işləyən əməkdaşlar üçün öz iş yerlərində 1C proqramı yüklənmiş və onlara istifadə hüququ verilmişdir. Hazırda bu sistemlə işləyən istifadəçilərin sayı 300 nəfərə çatmışdır. İş prosesində proqramın imkanları daha da təkmilləşdirilərək  "Azərsu" ASC üçün mütərəqqi bir modelinin tətbiqinə nail olunmuşdur.     

 

Növbəti mərhələdə Səhmdar Cəmiyyətdə  daha 3 sahə üzrə - anbar və  nəqliyyat təsərrüfatları, eləcə də proqnozlaşdırma və büdcə proseslərinin avtomatlaşdırılması modullarının tətbiqinə başlanılmışdır.  

Bununla yanaşı,  “Azərsu” ASC tərəfindən abonentlərə göstərilmiş xidmətlərin və onlar tərəfindən həyata keçirilmiş ödənişlərin uçotu zamanı istifadə etdiyi billinq sistemindən məlumatların avtomatik olaraq 1C proqramına ötürülməsi üzərində də iş aparılır. Bu məqsədlə Abonent işləri departamenti və İnformasiya və kommunikasiya texnologiyaları departamenti proqramının tətbiqinin mümkünlüyünü öyrənir.