logo

AzersuCİS layihəsi Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunun ən yüksək mükafatına layiq görülmüşdür


Yaradılıb: 20-05-2013 16:22

 

   

  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi “Yeraltı infrastrukturun idarə olunması -AzersuCİS” layihəsi daha bir beynəlxalq tədbirdə uğur qazanmışdır. 13-16 may 2013-cü il tarixdə  Niderland Krallığının Rotterdam şəhərində  keçirilmiş Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunda AzersuCİS layihəsi “Su resurslarının idarəedilməsi” nominasiyası üzrə 1-ci yeri tutaraq ən yüksək mükafata  (Geospatial World Application Excellence- 2013) layiq görülmüşdür. Forumda coğrafi informasiya sistemlərini tətbiq edən 80-dən çox ölkənin layihəsinin təqdimatı olunmuşdur.

  “Azərsu” ASC-nin İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Samir Qənili  “Yeraltı infrastrukturun idarə olunması -AzərsuCİS” layihəsini təqdim edərək bildirmişdir ki, bu layihə Azərbaycanda içməli su və çirkab suları, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir. Yaradılacaq sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq. Eyni zamanda  içməli su,  çirkab suları, eləcə də  yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək,  tikinti və istismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq.

 Layihələrin təqdimatı yekunlaşdıqdan sonra münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılmışdır. Qiymətləndirmə zamanı layihələrin dizaynı, əhatə etdiyi ərazi, tətbiq olunacaq yeniliklər, layihələrin faydası və digər meyarlar əsas götürülmüşdür.  Forum iştirakçıları və münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanan AzərsuCİS layihəsi  “Su resurslarının idarəedilməsi” nominasiyası üzrə ən yaxşı layihə elan edilmiş və yüksək mükafata layiq görülmüşdür.

 “Yeraltı infrastrukturun idarə olunması -AzersuCİS” layihəsinə uyğun olaraq içməli su, çirkab su və yağış suları üzrə həm yeraltı, həm də yerüstü infrastrukturların elektron xəritələri yaradılacaq, hər bir bina üzrə nömrələnmə aparılacaqdır. Bu sistem yeraltı infrastrukturun idarə olunması üzrə işlərin daha operativ həyata keçirilməsinə imkan verəcəkdir. Bununla da içməli suyun mənbədən istehlakçıya qədər, eləcə də  yağış və çirkab suların axıdılmasının bütün mərhələlərinə dəqiqliklə nəzarət etmək  mümkün olacaqdır.

 

AzersuCİS layihəsi 2012-ci ildə keçirilmiş Bentley Beynəlxalq Layihə Müsabiqəsində 270 layihə arasında “İçməli su, çirkab su və yağış sularının idarə olunmasında yeniliklər” nominasiyası üzrə birinci yeri tutmuşdur.