logo

Şamaxı şəhərində içməli su və kanalizasiya şəbəkələri yenidən qurulur


Yaradılıb: 17-05-2013 16:12

       

 Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi I” çərçivəsində Şamaxı şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yaradılmasını nəzərdə tutan ikinci mərhələ üzrə işlərə başlanmışdır.

  İcrasına 2010-cu ildə başlanmış layihənin birinci mərhələsi çərçivəsində Şamaxı şəhərində sugötürücü qovşaq və baş su təchizatı qurğuları yaradılmışdır. Şamaxı şəhərinin içməli su ilə təmin etmək üçün Pirsaatçayının hövzəsində drenaj sistemi quraşdırılmışdır. Mənbədən suyun suqəbuledici meydançaya özüaxımlı rejimdə ötürülməsini təmin etmək üçün 1,4 km magistral su xətti çəkilmiş, hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı tikilmiş, xlorator qurğusu yaradılmışdır. Bu mərhələ çərçivəsində tikinti işləri  2011-ci ilin sonunda başa çatdırılmışdır.  

 Layihənin ikinci mərhələsi Şamaxı şəhərinin  su təchizatı və kanalizasiya şəbəkəsinin yaradılmasını nəzərdə tutur.  Bu mərhələdə Şamaxı şəhərinə 9,3 km magistral su xətti çəkiləcək, ümumi uzunluğu 132 km su, 129 km kanalizasiya şəbəkəsi yaradılacaqdır. Tikinti işləri başlanandan indiyədək  22 km su xətti, 29 km kanalizasiya xətti çəkilmiş və hazırda inşaat işləri davam etdirilir. Şamaxı şəhərində istehlakçıların dayanıqlı su təchizatını təmin etmək məqsədi ilə ümumi tutumu 7500 kubmetr olan 8 su anbarı da tikiləcəkdir.

 Layihənin sonuncu mərhələsi çərçivəsində Şamaxı şəhərində sutkalıq məhsuldarlığı 9000 kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcəkdir.

 Şamaxı  şəhərinin  su təchizatı və kanalizasiya  sistemi yenidən qurulduqdan sonra 40 minə qədər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdır.

 Qeyd edək ki, Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi I”  çərçivəsində Şamaxı şəhəri ilə yanaşı, Qəbələ, Sabirabad  və Saatlı  şəhərləri və ətraf  kəndlərdə  su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaqdır.