logo

Nəzarətçinin qanunsuz əməlləri ifşa edilmişdir


Yaradılıb: 16-05-2013 14:40

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması, sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması, abunəçilərlə işin düzgün təşkili istiqamətində nəzarət tədbirlərini davam etdirir. Bu məqsədlə Səhmdar Cəmiyyətin əməkdaşlarının fəaliyyətinə xüsusi diqqət yetirilir, onların vəzifələrindən sui-istifadə etməməsi məqsədi ilə qabaqlayıcı tədbirlər görülür. Su kəməri təsərrüfatında çalışan əməkdaşların mütəmadi olaraq təlimatlandırılmasına və maarifləndirilməsinə baxmayaraq vəzifə borcuna vicdanla yanaşmayan, peşə etikasına əməl etməyən işçilərə də rast gəlinir.

  Su kəməri təsərrüfatında nəzarətçilərin özbaşına hərəkətləri ilə bağlı növbəti fakt Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi S.İbrahimxəlilov küçəsi sakinlərinin “Azərsu” ASC-yə etdikləri müraciət əsasında aşkarlanmışdır. Səhmdar Cəmiyyət əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Səbail Sukanal Departamentinin nəzarətçisi Zeynalov Nəsimi Sahib oğlunun  qeyri-qanuni əməlləri ifşa edilmişdir.

  Araşdırma zamanı məlum olmuşdur ki, Nəsimi Zeynalov  14 may 2013-cü il tarixdə  öz xidməti marşrutuna aid olmayan Səbail rayonu Badamdar qəsəbəsi Sahib İbrahimxəlilov küçəsi ev 3/1 ünvanında  Ağazadə Lyudmila Mixayılovnanın mənzilinin su təchizatı sisteminə  baxış keçirmişdir. Baxış zamanı N.Zeynalov qonşunun L.Ağazadənin su təchizatı xəttinə qanunsuz qoşulmasına şərait yaratdığını bəhanə gətirərək abunəçinin 500 manat cərimə olunduğunu bildirmişdir.  Pulu nağd verməyəcəyi təqdirdə su təchizatını dayandıracağını deyən N.Zeynalov L.Ağazadədən 250 manat almış, qalan məbləğin 15 may 2013-cü il tarixdə ödənilməsini tələb etmiş və abunəçi bununla razılaşmışdır. N.Zeynalov aldığı 250 manata görə ödəniş qəbzi təqdim etmədən getmişdir.

  15 may 2013-cü il tarixdə N.Zeynalov tələb etdiyi məbləğin qalan hissəsini almaq məqsədi ilə həmin ünvana getmiş və 250 manatı alarkən “Azərsu” ASC-nin əməkdaşları hadisə yerinə gəlmiş, N.Zeynalovun qeyri-qanuni əməllərini ifşa etmişlər.

   Fakt “Azərsu” ASC-nin müvafiq struktur bölmələri tərəfindən ciddi araşdırılır.   

  “Azərsu” ASC bir daha bəyan edir ki, abunəçilərin Səhmdar Cəmiyyətin hər hansı əməkdaşı ilə sövdələşmələrə getməsi, sərfiyyatın gizlədilməsi və azaldılması, eləcə də yaranmış borcun və təyin olunmuş cərimələrin  müxtəlif  yollarla azaldılması və ləğv edilməsinə yönəlmiş cəhdləri və hərəkətləri yolverilməzdir. Bu cür qeyri-qanuni hərəkətlər “Azərsu” ASC-nin əməkdaşları tərəfindən aşkarlanacaq və onlara qarşı inzibati tədbirlər görüləcəkdir. Səhmdar Cəmiyyətin əməkdaşlarının qeyri-qanuni hərəkətləri ilə qarşılaşan vətəndaşlardan “Azərsu” ASC-nin 955 nömrəli “Zəng  mərkəzi”nə dərhal müraciət etməsi və ətraflı məlumat verməsi xahiş olunur.