logo

Sumqayıt şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılır


Yaradılıb: 13-05-2013 15:58

     

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti respublika tabeli şəhərlərdə içməli su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.  Əhalisinin sayına və sənaye potensialına görə respublika həyatında mühüm  rolu olan Sumqayıt şəhərində su  təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks işlər həyata keçirilir.

  İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Sumqayıt şəhərində və ətraf qəsəbələrdə uzun müddət istismarda olan 36,6 km su xətləri yeniləri ilə əvəz edilmişdir. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri nəticəsində 50-dək ünvanda 287 çoxmərtəbəli yaşayış binası 24 saat fasiləsiz su ilə təmin edilməklə 23824 abonentin və ya 95 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçirilmişdir. Bununla da Sumqayıt şəhəri və ətraf qəsəbələrdə fasiləsiz içməli su ilə təmin olunan əhalinin çəkisi  80 faizə yüksəlməklə 213 min nəfərə çatmışdır. Fasiləsiz rejimə keçidlə əlaqədar  21 nasosxananın fəaliyyəti dayandırılmışdır.

  Su təchizatı ilə paralel olaraq şəhərin kanalizasiya sistemində də yenidənqurma işləri aparılır. 2012-ci ilin sonunda yeni nasos stansiyasının  istismara verilməsi ilə  Sumqayıt şəhərinin “Köhnə şəhər” yaşayış sahəsinin çirkab sularının Sumqayıt Təmizləyici Qurğusuna ötürülməsi təmin edilmiş, bununla da qurğuda sutka ərzində emal olunan çirkab suyun həcmi 30 min kubmetrdən 42 min kubmetrə çatmışdır.

  Ümumi uzunluğu 9 km, diametri 1200-1600 mm  olan Novxanı-Sumqayıt kollektoru tam istismara verildikdən sonra Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab sular kollektora yönəldiləcəkdir. Ümumiyyətlə, gələcəkdə Sumqayıt şəhərində toplanan bütün çirkab sular təmizləyici qurğuda zərərsizləşdirilərək dənizə axıdılacaqdır. Hazırda qurğunun sutkalıq məhsuldarlığı  72 min kubmetrdir və  gələcəkdə bu göstərici 100 min kubmetrə çatdırılacaqdır.