logo

Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur


Yaradılıb: 07-02-2013 16:40
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri  Bakı şəhəri ilə yanaşı regionlarda da davam etdirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Mingəçevir şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
Layihəyə əsasən şəhərə içməli su Mingəçevir su anbarından veriləcək. İstehlakçıların dünya standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin edilməsi  məqsədi ilə məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli sutəmizləyici qurğu inşa olunacaq. Mingəçevir şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsi üçün hər birinin tutumu  20 min  kubmetr olan 2 ədəd su anbarı inşa ediləcək. Layihəyə əsasən, şəhərin su və kanalizasiya şəbəkələri tamamilə yenidən qurulur. Ümumi uzunluğu 250 km layihələndirilən şəhərdaxili paylayıcı su şəbəkəsinin 75 km-lik hissəsi inşa edilmişdir. Bununla paralel olaraq, ümumi uzunluğu 223 km kanalizasiya şəbəkəsinin 46 km-lik hissəsində işlər yekunlaşmışdır. Çirkab  suların təmizlənməsi məqsədi ilə Mingəçevir şəhəri yaxınlığında  sutkalıq məhsuldarlığı 25 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək.
Layihə üzrə işlərin 2013-cü ilin ikinci yarısında  başa çatdırılması nəzərdə tutulur. Bununla da Mingəçevir şəhərində 100 min nəfərin içməli su təchizatı və   kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.