logo

Əmircan qəsəbəsinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur


Yaradılıb: 24-12-2012 16:49
  
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” dövlət proqramı çərçivəsində Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsinin su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur.
İndiyədək qəsəbəyə içməli suyun 2 magistral xətdən verilməsi və həmin xətlərə qeyri-qanuni qoşulmalar su təchizatında pərakəndəlik yaratmışdır. Yeni layihəyə görə, qəsəbəyə içməli su bir mənbədən veriləcək və bu məqsədlə 2467 metr magistral su xətti çəkilmişdir. Bununla paralel olaraq qəsəbənin kanalizasiya şəbəkəsi yenidən qurulur. Artıq 4540 metr uzunluğunda kanalizasiya xətti çəkilmiş və çirkab suların axıdılması üçün 600 mm diametrli borularla 380 metr uzunluğunda kollektor tikilmişdir. Növbəti mərhələdə qəsəbədaxili su şəbəkəsi yenilənəcək və bütün abunəçilər sayğacla təmin ediləcək. Layihə üzrə işlərin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulur. Bununla da Əmircan qəsəbəsində 30 mindən çox sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılacaqdır.
Qeyd edək ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” dövlət proqramı çərçivəsində ümumilikdə Abşeron yarımadasının 24 kənd və qəsəbəsində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulmasına başlanılmışdır. Proqramın tərkib hissəsi olaraq Ceyranbatan sutəmizləyici qurğular kompleksinin ərazisində ultrasüzgəcli sutəmizləyici qurğu və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su xətti tikilir. Proqrama uyğun olaraq ətraf qəsəbələrin hər birində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq, suyun özüaxımlı rejimdə aparılması məqsədilə ümumi tutumu 200 min kubmetrdən çox olan 10 anbar kompleksi inşa olunur. Ümumilikdə, məhsuldarlığı saniyədə 6 kubmetr olacaq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin çəkilişi Abşeron yarımadasında 1 milyondan artıq sakinin içməli su təchizatının yaxşılaşmasına səbəb olacaqdır.