logo

"Azərsu" ASC-nin əməkdaşları təlimləri müvəffəqiyyətlə başa vurmuşlar


Yaradılıb: 18-12-2012 15:52
  
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə işçilər mütəmadi olaraq təlimlərə və peşə kurslarına cəlb olunur.
 Cari ilin aprel ayından etibarən müxtəlif fəaliyyət sahələri üzrə 20-dək təlim keçirilmiş, “Azərsu” ASC-nin idarə və müəssisələrinin 432 mütəxəssisi bu tədbirlərdə iştirak etmişdir. Təlimlər içməli su və çirkab su sistemlərinin tikintisi,  təmizləyici qurğuların və şəbəkələrinin istismarı, polietilen boruların qaynağının texnologiyası, mühasibat uçotu və sayğaclaşma mövzularında keçirilmişdir. Təlimlərdə  yerli və xarici mütəxəssislər tərəfindən istehsalatla bağlı məsələlər ətraflı izah olunmuş, yeni texnologiyalar barədə ekspert rəyləri dinlənilmişdir.
“Azərsu” ASC beynəlxalq təcrübənin və qabaqcıl texnologiyaların mənimsənilməsi məqsədi ilə gənc mütəxəssislərin xarici ölkələrdə təlimlərdə iştirakını təmin edir.  Bu məqsədlə Səhmdar Cəmiyyətin 80 əməkdaşı  (inşaatçılar,  hidrotexniklər, mexaniklər, energetiklər, kimyaçılar və s.) Türkiyənin İstanbul Sukanal İdarəsində (İSKİ) olmuş, hər birində 20 nəfər olmaqla müxtəlif təlim kurslarında iştirak etmişdir. İSKİ-də keçirilmiş təlimlərdə türkiyəli mütəxəssislər hidrologiya, ekologiya, energetika, kimya və digər sahələr üzrə su təsərrüfatının idarə edilməsi, təmizləyici qurğuların istismarı sahələrində yeni texnologiyaların tətbiqi ilə bağlı ətraflı məlumat vermişlər. “Azərsu” ASC-nin mütəxəssisləri təlimləri uğurla başa vurmuşlar.