logo

Son bir ayda Yasamal rayonunda 21 mindən çox sakin fasiləsiz içməli su ilə təchiz edilmişdir


Yaradılıb: 26-11-2012 16:38

          

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Bakı şəhərində genişmiqyaslı işlər görülür. Bu məqsədlə anbarlarda, magistral su xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılır.

     Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri Yasamal rayonunun böyük bir hissəsini fasiləsiz rejimdə içməli su ilə təmin etmək mümkün olmuşdur. Cari ilin noyabrın 1-dən paytaxtın Azərbaycan və Mətbuat prospektlərinin, H. Zərdabi, A. Abbasov, Z. Xəlilov, Ə. Cəmil, Ş Mehdiyev, Şahbazi, İ. Qutqaşenli,  Ə. Haqverdiyev, H. Cavid, M. Müşfiq  və digər küçələrində 120-dək binaya fasiləsiz rejimdə içməli su vermək mümkün olmuşdur. Bununla da həmin ərazidə 7086 abunəçinin və ya 21360 sakinin içməli su təchizatı yaxşılaşmışdır.

    Həmin ərazilərə içməli suyun verilməsi özüaxımlı rejimdə verilməsi  elektrik enerjisindən istifadəni minimuma endirir.  Fasiləsiz rejimə keçid başlanandan ötən müddətdə 78 min kvt/saat elektrik enerjisinə qənaət olunmuşdur.

   Su təchizatının özüaxımlı rejimdə aparılması ilə əlaqədar Yasamal rayonu ərazisində 42 məhəllədaxili nasos stansiyasının fəaliyyəti dayandırılmışdır. Məhəllədaxili nasos stansiyaların ləğv olunması və fasiləsiz su təminatı ilə  əlaqədar  yaşayış binalarının damında əhali tərəfindən quraşdırılmış su çənləri və su xətlərinin ləğv edilməsi qərara alınmışdır. Yasamal rayon Sukanal Departamenti, bələdiyyə və mənzil istismar sahələrinin əməkdaşları yaşayış binalarına baxış keçirmiş, müxtəlif həcmdə metal və plastik su çənləri, su xətləri kəsilərək ləğv olunmuşdur. Su çənləri və bu kimi qurğuların kəsilərək ləğv olunması işlər davam etdirilir.

   “Azərsu” ASC abunəçilərin diqqətinə çatdırır ki,  su çənlərinin binaların damlarındakı su çənlərinin ləğv edilməsi narahatlıq yaratmamalıdır və su təchizatı fasiləsiz davam etdiriləcək.