logo

“Azərsu” ASC beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində uğurla təmsil olunur


Yaradılıb: 22-11-2012 15:37
     
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti noyabrın 21-də Bakı Ekspo Mərkəzində açılmış 3-cü Beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (CTE-2012) sərgisində uğurla təmsil olunur.  12 ölkədən 60 şirkətin iştirak etdiyi sərgidə təbii ehtiyatlardan səmərəli istifadə, alternativ enerji mənbələri, suyun təmizlənməsi üzrə ən müasir avadanlıq və texnologiyalar nümayiş etdirilir.
      Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına öz töhfələrini verən “Azərsu” ASC sərgidə xüsusi pavilyonla təmsil olunur. Pavilyonda ölkədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr barədə eksponat və maketlər yerləşdirilmişdir. Sərgi iştirakçılarına içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr barədə geniş məlumat verilir, bunlarla bağlı videoçarx nümayiş olunur. Pavilyonda paytaxtın su mənbələri və çirkab sutəmizləyici qurğuları barədə bukletlər, həmçinin “Azərsu” ASC-nin fəaliyyətini əks etdirən aylıq bülletenlər təqdim olunur. “Azərsu” ASC-nin pavilyonu ziyarətçilərin böyük marağına səbəb olmuşdur.
       Qeyd edək ki, “CTE-2012” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə edilmiş nailiyyətləri nümayiş etdirməklə, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, investisiyaların cəlb edilməsi və yeni texnologiyalardan istifadə sahəsində təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradacaqdır.
        Sərgi noyabrın 23-dək davam edəcəkdir.